Artıq avropalı da, amerikalı da bilir ki, Azərbaycanda belə yerlər var
08 İYUN
710

Artıq avropalı da, amerikalı da bilir ki, Azərbaycanda belə yerlər var

Tibbi turizm üçün də Azərbaycan əlverişli məkandır

Müasir dünyanın ən gəlirli, geniş və sürətlə inkişaf edən sahələrindən birinin turizm olması heç kimə sirr deyil. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda turizm sektoru davamlı olaraq inkişaf edir, genişlənir və qazanc gətirən sahə kimi özünü doğruldur. Elə ona görə də bu gün turizm iqtisadiyyatın aparıcı sahələri sırasına daxil edilib və onun yeni qolunun - tibbi turizmin də formalaşması üçün zəmin yaranıb.

Müasir çağırışlara cavab verən turizm sektoru

Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Təbii imkanlar, zəngin tarixi-mədəni irsin olması ilə yanaşı, dövlət başçısının ölkənin sosial-iqtisadi yüksəlişinə və turizmin inkişafına ayırdığı diqqət bu sahənin sürətlə genişlənməsinə rəvac verib. Konkret olaraq Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınıb.

Təkcə bir faktı xatırladaq ki, 2017-ci ildə ölkəmizə 2 milyon 692 min nəfər turist gəlib. Son 4 ayda isə dünyanın 182 ölkəsindən 847,6 min xarici ölkə vətəndaşı Azərbaycana təşrif buyurub. Onların da böyük əksəriyyəti turizm məqsədilə gələnlərdir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Ümumiyyətlə, belə artım tendensiyası son illər sürətlə yüksəlir. Sözsüz, bunların qarşılığında paytaxt və bölgələrimizdə turizm infrastrukturu da ildən-ilə modernləşir, yeni çağırışlara uyğun təkmilləşdirilir.
Son illər bu sahədə daha çox diqqət çəkən istiqamət isə tibbi turizmdir. Tibbi turizm - istirahətlə yüksəksəviyyəli tibbi xidməti özündə birləşdirir. Eyni xərclə, eyni məkanda həm istirahət edirsən, həm də müalicə olunursan. Təbii ki, tibbi turizmin inkişafı üçün ölkənin təbii-müalicəvi yerlərinin olması əsas şərtdir. Bunun üçün də Azərbaycan çox əlverişli məkandır. 
Dünyanın müxtəlif ərazilərində, o cümlədən Azərbaycan ərazisində minerallarla zəngin termal qaynaqlar var. Bu su mənbələri qədim zamanlardan insanlar tərəfindən istifadə olunub. Eləcə də bu resursların istifadə olunması və faydaları haqqında müxtəlif mənbələrdə yazılıb, elbəel danışılıb. İndi isə bu termal sulardan daha geniş, daha xeyirli istifadə edilməsi üçün müasir infrastruktur yaradılıb, optimal müalicə imkanları qurulub. Bu da, təbii ki, həm istirahət edib, həm də sağlamlığının qeydinə qalan insanları çox cəlb edir. 
Bu gün Naftalan İstirahət və Sağlamlıq Mərkəzində, Şabran rayonu ərazisində yerləşən “Qalaaltı” kurortunda, Naxçıvanda duz mağaralarında, Masallı “İstisu” sanatoriyası və digər yerlərdə tibbi turizm üçün yüksək şərait yaradılıb.

Tibbi turizm ölkəyə yeni turist axını gətirir 

Xatırladaq ki, Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına illər öncə Naftalanda start verildi. Sonra bu proses uğurla davam etdirildi, ölkəmizin digər regionlarında olan belə müalicəvi yerlər də insanların diqqətini çəkdi. Bu gün Qalaaltıda insan orqanizmi üçün çox xeyirli su mənbəyi var, orada qısa zamanda müasir standartlara cavab verən hotelin tikilməsi turistlər və yerli sakinlər üçün xüsusilə cəlbedici oldu.
Dünyanın ən təhlükəsiz ölkələrindən olan Azərbaycanda tibbi turizmin də yaradılması yeni turistlərin ölkəyə gəlməsinə rəvac verib. Bu gün Naftalan şəhəri həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə turistlərin diqqətini çəkən və tez-tez üz tutduqları məkana çevrilib. 2018-ci ilin birinci rübündə Naftalana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz çox olub. Qeyd olunan müddətdə turizm obyektlərində 5 mindən artıq turist qeydə alınıb ki, onun da 2 min 241 nəfəri əcnəbi qonaqlardır. 

Avropanın “termal şəhərlər” siyahısında Azərbaycan şəhərləri

Digər bir fakta diqqət edək: bu günlərdə Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının beynəlxalq konfransı “Qalaaltı” kurortunda keçirildi. Bu heç də təsadüfi deyildi. Avropanın termal turizm xəritəsi, termal şəhərlərdə turizmin inkişaf etdirilməsindən bəhs olunan tədbirdə təqdim olunan xəritə üzərində termal mənbələri olan Azərbaycanın yerləşdiyi ərazi də təsvir olunmuşdu. Bu onu göstərir ki, artıq avropalı da, amerikalı da bilir ki, Azərbaycanda belə yer var, ora getmək, onu kəşf etmək lazımdır. Qeyd edək ki, hazırda dünyada 150-dək termal şəhər mövcuddur. İndi isə hədəf bu termal sulardan daha geniş istifadə edilməsi üçün müasir infrastruktur yaradılması, müalicə imkanlarının genişləndirilməsidir.

Müasir dövrdə dünyanın qabaqcıl ölkələrində tibbi turizm inkişaf edir və turizmin bu növünə maraq ildən-ilə yüksəlir. Çünki gəlirli sahə kimi həm ayrı-ayrı ölkələr bu sektorun inkişafında maraqlıdırlar, həm də turistlər üçün bu yönüm böyük əhəmiyyət kəsb edir. Hazırda ABŞ, Malayziya, Sinqapur, Braziliya, Meksika, Türkiyə, Macarıstan və Hindistan tibbi turizm sahəsində lider olan ölkələrdir. Onların hər birinə il ərzində orta hesabla 800 min - 1 milyon arası insan tibbi turizm məqsədilə səfər edir.
Bu istiqamətdə tibbi turizm şirkətləri də fəaliyyət göstərir. Onlar yerli insanlara xidmət göstərməklə yanaşı, eləcə də ölkəmizə əcnəbiləri cəlb etməklə məşğul olurlar. Konkret olaraq müraciət edən hər turistə xəstəliyinə, səhhətinə uyğun xəstəxana, yer, məkan seçməkdə, eləcə də xəstənin maddi vəziyyətinə uyğun ünvan seçimində və digər məsələlərdə köməklik göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır