Əcnəbilər üçün viza sadələşdirildi
18 APREL

Əcnəbilər üçün viza sadələşdirildi

Prezident İlham Əliyev Ümumdünya Şahmat Olimpiadasının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncamda qeyd olunur:

1. Müəyyən edilsin ki, Bakı şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin rəsmi dəvət məktubu;

2.2. Beynəlxalq Şahmat Federasiyasının (FİDE) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd.

3. Bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən birinə malik olan şəxslər viza almaq üçün 2016-cı il avqustun 20-dən sentyabrın 20-dək müraciət edə bilərlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

5.1. Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Şahmat Federasiyasına (FİDE), Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (İATA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

5.2. Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar Azərbaycan Respublikasına gələcək şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır