“Türk Hava Yolları” ilə azərbaycanlıları Avropaya daha ucuz aparacaq
01 İYUN

“Türk Hava Yolları” ilə azərbaycanlıları Avropaya daha ucuz aparacaq

“Türk Hava Yolları” İyun ayından etibarən Avropa ölkələrinə istiqamətlənmiş reyslər üzrə kampaniyalara başlayacaq.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, bunu “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas bildirib.

“Yay dövründə Azərbaycandan çoxlu sayda insanlar Avropa ölkələrinə də səyahət edəcəklər. Biz də bu fürsəti dəyərləndirdik. İyunun əvvəlindən Avropa ölkələrinə daha sərfəli qiymətlərə səfər imkanı təqdim edən kampaniyalarımız başlayacaqdır. Avropaya reyslər İstanbul vasitəsilə həyata keçiriləcəkdir”.

Eləcə də bax: Bu yay İstanbula getmək üçün - 6 SƏBƏB

Qeyd edək ki, Türkiyəyə səfər edənlərin sayının azalması ilə bağlı olaraq THY tranzit uçuşlarının nisbətini 60%-ə çatdırıb.

Son rəqəmlərə görə, dünya ölkələrindənTürkiyəyə səfər edən turistlərin sayı 30% azalıb. Seyfullah İlyas , “Türk Hava Yolları” yay aylarında yüksək doluluq ilə uçuş hədəfləyir” deyərək qeyd etdi ki, Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı kəskin azalmayıb:

“İqtisadi durğunluğun təsirilə, bizim ilə uçan sərnişinlərin də sayı azalıb. Ancaq, Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı kəskin azalmayıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, Aprel ayında Türkiyəyə gələn Azərbaycan vətəndaşlarının sayı 10% civarında azalıb. Türkiyəyə Rusiyadan gedən turistlərin sayı kəskin azalıb”.

Seyfullah İlyas bildirdi ki,  “Türk Hava Yolları” Azərbaycanın Lənkəran şəhərinə uçuş xətti açmaq planını təxirə salıb.

“Əvvəllər belə bir düşüncəmiz var idi. Amma hazırkı iqtisadi vəziyyət ilə bağlı olaraq Azərbaycanda yeni bir nəqtəyə uçuşlar həyata keçirməyi düşünmürük. Bəlkə bu, gələcəkdə ola bilər. Hazırda THY Bakı, Gəncə və Naxçıvana uçuşlar həyata keçirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır