Məktəb turizmi yaradılır
02 İYUN

Məktəb turizmi yaradılır

Azərbaycanda məktəb turizminin yaradılması və məktəblilərin yay turizm turlarının təşkili ilə bağlı Təhsil Nazirliyi qarşısında öhdəlik qoyulacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açıqlamasında bildirib ki, bu məsələ yeni hazırlanan “Turizm haqqında” qanunda nəzərdə tutulub. O qeyd edib ki, müəyyən bürokratik əngəllərin olmasına baxmayaraq, qanun layihəsi ilin sonuna kimi tamamlanıb, müzakirəyə çıxarılacaq:

“Bu sahədə ən başlıca problem odur ki, bunun əlaqələndirilməsi yoxdur. Cənab prezidentin göstərişi ilə “Azərbaycan, ölkəm mənim” layihəsi elan olundu və gözəl effekt verdi. İndi isə yay tətili başlayır. Hər il olduğu kimi, məktəblilərin yay istirahətini nə icra hakimiyyətləri, nə də pul yığmaq söz-söhbətindən ehtiyat edən məktəblər təşkil edə bilir. Turist şirkətləri də qalıb çaş-baş. Bunu təşkil edəcək, əlaqələndirəcək qurum yoxdur. Valideynlər də yer axtarırlar ki, uşaqlarının istirahətini təşkil etsinlər. İndi bunun qanunla əlaqələndirilməsini təşkil edəcəyik. Qanunda Təhsil Nazirliyi qarşısında birbaşa öhdəlik qoyulacaq ki, bunun əlaqələndirilməsini həyata keçirsin. Bizim ölkədə uşaqların istirahəti üçün kifayət qədər yerlər var. Sadəcə, bunu təşkil etmək lazımdır. Dünyada bu praktika çoxdan mövcuddur”.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır