Azərbaycana gəlmək üçün - 10 SƏBƏB
20 İYUN

Azərbaycana gəlmək üçün - 10 SƏBƏB

Azərbaycanda turizm bu gün misli görünməmiş yüksəliş dövrünü yaşayır. Dünyanın hər yerindən milyonlarla insan ölkəmizə dincəlmək və ya işlə bağlı, habelə hər il Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdən birində iştirak etmək üçün gəlir.

Artıq Azərbaycanda olmuş insanlar deyirlər ki, onlar zəngin təbii ehtiyatları, tarixi, mədəniyyəti, ənənələri və son dərəcə qonaqpərvər xalqı olan bu ölkəni dünya turizminin yeni mirvarisi kimi kəşf ediblər. Azərbaycanda olmamış səyahətçilər, turistlər üçün aşağıda bir neçə əsas səbəbi qeyd etmişik ki, bunlara əsasən səyahət marşrutuna bu ölkəni mütləq salmağına dəyər.

1. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda olması

Planetimizdə mövcud olan iqlim növlərinin əksəriyyətinə bir ölkə hüdudlarında rast gəlinməsi nadir hadisədir: quru və rütubətli subtropik iqlimdən (Lənkəran) dağlıq tundra iqliminədək (Böyük Qafqaz yüksəkliyi). Eyni zamanda, Azərbaycanın böyük hissəsi subtropik qurşaqda yerləşir. Bunun sayəsində ölkənin cənubunda portağal, mandarin, limon, feyxoa, kivi və bütün region üçün ekzotik olan digər meyvələr yetişdirilir. Lənkəran və Masallının cənub bölgələrində yaşıl salxımlı məhsulu olan banan ağaclarını da görmək olar. Bananların yetişməsi prosesi başa çatmasa da tropik ərazidən qonaq gəlmiş bu meyvələr ətraf mənzərəni xeyli canlandırır. Təəccüblü deyil ki, əlverişli iqlim - erkən bahar, mülayim qış və bol-bol günəş Azərbaycanı çimərlik turizmi mərkəzinə çevirib. Abşeron sahillərində çimərlik mövsümü may ayında açılır və sentyabrın sonunadək davam edir.

2. Planetin ən böyük şor gölü - Xəzər dənizi

Bütün rəsmi və qeyri-rəsmi mənbələrdə Xəzər dənizi dünyanın ən böyük gölü adlandırılır. Onun sahəsi 371 min kvadratmetr, maksimum dərinliyi 1025 metrdir. Məhz nəhəng sahəsi, eləcə də onun okean tipli yer qabığından ibarət yatağı bu gölü dəniz adlandırmağa imkan verir. Lakin digər dənizlərdən fərqli olaraq Xəzərin suyu bir o qədər də duzlu deyil, deməli, çimmək üçün əlverişlidir və dərini qurutmur. Yay mövsümündə Xəzərdə suyun temperaturu +24-dən +27 dərəcəyədək dəyişir. Əgər buna Abşeron sahillərində və məşhur kurort zonası Nabrandakı əla inkişaf etmiş infrastrukturu, o cümlədən çoxsaylı otellər və istirahət mərkəzləri, katerdə gəzintiləri, yaxt-klubu, balıq ovu, dayvinqi də əlavə etsək, aydın olar ki, Azərbaycan haqlı olaraq bütövlükdə Xəzəryanı regionda çimərlik turizminin mərkəzi hesab edilir.

3. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələr

Onlardan biri olan Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və ya sadəcə olaraq Qobustan dünya mədəniyyətinin ən nadir abidəsi, bəşər sivilizasiyasının ilk məskənlərindəndir. Bakıdan 60 kilometr cənubda ümumi sahəsi 537 hektar olan bu ərazidə dünyanın ən böyük qədim qayaüstü rəsmləri yerləşir. Qobustan dağlarında daş dövrü və ondan sonrakı dövrlərin sakinləri barədə qayaüstü təsvirləri, qəbir daşını və digər sübutları görmək olar. Burada, həmçinin yeni tarixdən əvvəlki böyük kromlexin qalıqları (Stounxecin Azərbaycan analoqu olan şaquli dayanmış dairəvi kompozisiya) yerləşir. Qobustanda demək olar 6 min qayaüstü şəkil - adamları və heyvanları təsvir edən petroqlif var. Maraqlıdır ki, bizim eranın I əsrində Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionu olub ki, bunu da daşlar üstündə qayaüstü yazı sübut edir.

UNESCO Dünya İrsinin digər abidəsi İçərişəhər - xalq dilində Qala - Bakının mərkəzində yerləşən nadir tarixi-memarlıq qoruğudur. Bura ölkənin və hətta Orta Şərqin ən qədim və indiyədək sıx məskunlaşmış yeridir. Qoruğun yerləşdiyi 221 min kvadratmetr ərazidə 1300-dən çox ailə yaşayır. Arxeoloji qazıntılar bürünc dövrünə aid qəbirləri aşkar edib. Yunanlar və romalılar Bakıdan yazarkən məhz İçərişəhər barədə yazıblar. Dünyada məşhur olan qədim abidələr - Qız qalası (XII əsr) və Şirvanşahlar Sarayı (XIII-XVI əsrlər) burada yerləşir. Bundan başqa, qalın qala divarları arxasında çoxlu sayda digər nadir abidələr, o cümlədən məscidlər, minarələr, karvansara və hamam qalıqları qorunub saxlanılıb. Yeri gəlmişkən, məşhur “Brilyant əl” sovet filminin qəhrəmanlarını canlandıran Mironov və Nikulin məhz İçərişəhərin guşələrində dolaşıblar. “Amfibiya adam” filmi də burada çəkilib. Bu gün İçərişəhərdə turistlər üçün suvenir satan çoxlu mağaza yerləşir ki, orada milli paltar, yaylıq və papaq, qab-qacaq və hətta əl ilə toxunmuş xalçalar almaq mümkündür.

4. Nadir müalicəvi neft kurortu - Naftalan

Naftalan kurortu – nadir bioloji xassələrinə görə planetimizdə analoqu olmayan müalicəvi Naftalan nefti sayəsində dünyada şöhrət qazanıb. Kurort böyüklüyünə görə Azərbaycanın ikinci şəhəri olan Gəncədən 20 kilometr məsafədə, Naftalan neftinin yatağı olan zonada, Naftalan şəhərində yerləşir.

Naftalan nefti dünyada analoqu olmayan nadir müalicəvi xassələrə malikdir. O, insan orqanizminə müxtəlif müalicəvi təsir göstərir, iltihab və ağrıya qarşı, damar genişləndirici və stimullaşdırıcı xassələrə malikdir. Naftalanın müxtəlif xəstəliklər zamanı müalicəvi xassələri və səmərəliliyi minlərlə elmi iş və monoqrafiyanın nəticələri ilə təsdiq edilib.

Maraqlıdır ki, Naftalanda yağlı məlhəm istehsalı üçün ilk fabriki alman mühəndisi - konsessioner E.İ.Yeger tikib. Bu fabrikin məhsulu, eləcə də onun hazırlanması üçün xammal Almaniyaya ixrac edilməyə başlanıb. Orada 1886-cı ildən etibarən naftalandan preparatlar hazırlayan “Mardeburqda Naftalan” və “Drezdendə Naftalan” səhmdar cəmiyyətləri fəaliyyət göstərməyə başlayıb. Yeger məlhəmlərinin hazırlanma üsulları gizli saxlanılıb və inhisarlaşdırılıb.

Bu gün Naftalan kurortu müalicəvi Naftalan vannaları sayəsində 70-dən çox xəstəliyin müalicəsini təmin edir. Burada əla təchiz olunmuş dünya səviyyəli müalicə ocaqları və sağlamlıq mərkəzləri fəaliyyət göstərir.

5. Rekord sayda palçıq vulkanları

Palçıq vulkanlarının sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Yer üzündə mövcud olan 800 palçıq vulkanından 350-si burada yerləşir. Onların sırasında aktiv və sönmüş, hündür və alçaq, sualtı və yeraltı vulkanları qeyd etmək olar. Onların hər birinin öz xüsusiyyəti və kimyəvi tərkibi var. Hər il minlərlə turist palçıq vulkanlarının partlayış və yeraltı uğultu ilə müşahidə olunan effektli püskürməsinə tamaşa etmək üçün Azərbaycana gəlir. Püskürmə zamanı yerin dərin laylarından xaricə qazlar çıxır və dərhal alışır. Vulkanlar üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu vulkanı) çata bilər. Turistlər daha çox Bakı-Ələt yolunda, Qobustan qəsəbəsindən 10 kilometr cənubda yerləşən aktiv vulkanlar qrupunu, habelə Daşgil yaxınlığındakı vulkanı görməyə gedirlər. Maraqlıdır ki, Azərbaycan vulkanlarının palçığı, gili və vulkan suları çoxlu xəstəlikləri müalicə etməyə qadirdir, çünki onların tərkibində aktiv kimyəvi elementlər mövcuddur.

Səyahətçilər fantastik Ay səthi mənzərəsini xatırladan palçıq vulkanları arasında şəkil çəkdirməyi xoşlayırlar. Həqiqətən də Mars səthini öyrənən NASA geoloqları bu qənaətə gəliblər ki, Azərbaycanın palçıq vulkanları öz quruluşuna görə qırmızı planetin yüksəkliklərinə oxşayır.

Hesab edilir ki, Azərbaycanda palçıq vulkanlarının ilk püskürməsi 25 milyon il əvvəl baş verib. Son 200 il ərzində Azərbaycanda 200 nəhəng püskürmə olub. Ölkənin 23 palçıq vulkanı Milli Park statusu alıb, indi onlar dövlət tərəfindən mühafizə olunur. İsveçrənin qeyri-kommersiya təşkilatının “Təbiətin yeddi möcüzəsi” Beynəlxalq Müsabiqəsində Azərbaycanın palçıq vulkanları 5-ci yeri tutub. 2004-cü il sentyabrın 15-də isə Azərbaycan ərazisində yerləşən dünyanın ən iri palçıq vulkanı Ginnesin Rekordları Kitabına daxil edilib.

6. Azərbaycanın təkrarolunmaz milli mətbəxi

Azərbaycan mətbəxi Şərqdə ən maraqlı mətbəxlərdən biridir. Bu mətbəx ətirli göyərti və ədviyyatlarla tamamlanan çoxlu sayda ət, balıq və göyərti xörəkləri ilə zəngindir. Azərbaycana gələn ən ləzzətli yemək həvəskarları milli mətbəxin sadiq dəyərləndiriciləri olublar. Azərbaycan mətbəxinin məhsulları və xörəkləri orijinal və təkrarolunmazdır.

Azərbaycan xörəklərinin əksəriyyəti qoyun, mal və quş ətindən hazırlanır. Azərbaycanlılar da digər müsəlmanlar kimi, donuz əti yemirlər. Döyülmüş ətdən, eləcə də balıqdan, xüsusilə uzunburun və nərə balığından hazırlanmış xörəklər geniş yayılıb. Azərbaycan mətbəxi tərəvəzin zənginliyi ilə seçilir. Bu mətbəxdə, həmçinin müxtəlif ədviyyatlar geniş istifadə olunur. Azərbaycan mətbəxində zəfəran xüsusilə populyardır: 50-dən çox milli xörək məhz bu ədviyyatla hazırlanır. Azərbaycanlılar çörək məhsullarından uzunsov çörəyə və lavaşa (nazik yuxalara) - təndirdə bişirilmiş çörəyə üstünlük verirlər.

Xörəklərin dadını daha da yaxşı etmək üçün limon, zeytun, quru alça və gavalı (albuxara), narşərab, zoğal, ərik qurusu, lavaşana, sumax və s. geniş istifadə edilir. Təzə tərəvəzdən salat Azərbaycan mətbəxində xüsusi yer tutur. Təzə pomidor, xiyar, şirin bibər, keşniş və reyhandan salat hazırlayanda tərəvəz çox xırda doğranılır. Salat əsas xörəklərin yanında verilir. Azərbaycanın qədim yeməklərindən olan dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, piti, plov, qovurma dillər əzbəridir. Lakin ölkənin müxtəlif bölgələrinə öz məşhur xörəkləri məxsusdur. Bu, Şəkidə piti (ağzı bağlı gil qabda sobada quzu ətindən hazırlanan milli Azərbaycan xörəyi), halva (şəkər, fındıq və ya küncüt toxumlarından hazırlanan Şərq çərəzi), Masallı və Lənkəranda - ləvəngidir (döyülmüş qoz və ədviyyatla doldurulmuş toyuq əti və balıq). Qusarın çörək və qutablarından (aypara şəklində adi xəmirdən hazırlanmış iç qoyulmuş nazik kətə, iç kimi döyülmüş ət, göyərti, balqabaq, nar dənələri, pendir və soğan) isə heç yerdə yoxdur.

7. İpək Yolu üzərində yerləşən Şəki şəhəri

Arxeoloji qazıntılar sübut edir ki, Bakıdan 380 kilometr qərbdə yerləşən Şəki şəhərini Qafqazda ən qədim məskənlərdən biri hesab edilə bilər. Onun ərazisindəki tapıntıların əksəriyyətinin yaşı 2 min 500 ildən çoxdur. Şəki çox qədim zamanlardan ustalar, sənətkarlar və tacirlər şəhəri kimi şöhrət qazanıb. Buraya bütün yerlərdən Böyük İpək Yolu ölkələrinin tacirlər axışıb gəlib. Yeri gəlmişkən, 1872-ci ildə Lionda ümumdünya sərgisində Şəki ipəyi medala layiq görülüb, Şəkinin özü isə “Azərbaycan Lionu” adlandırılıb. Dünyada keçirilən bu cür sərgilərdə nəinki ipəyin özü, həmçinin zövqlü naxışlar heyrət predmeti olub. Şəki “təkəlduz” tambur tikməsi (məxmər, mahud və ya tumac üzərində bitki ornamenti) sənətinin mərkəzi olub və bu gün də olmaqdadır. Şəkidə olmuş ata Düma yazırdı: “Naxışlı iki yəhəri 24 manata aldım. Fransada onları hətta 2 min franka belə almaq, daha doğrusu, onları bu qiymətə tapmaq qeyri-mümkündür”.

Ticarətin miqyası nəzərə alınaraq, Şəkidə əsas diqqət karvansaraların inşasına yönəldilib. Onlardan ikisi - XVIII əsrdə inşa edilmiş Yuxarı və Aşağı karvansara dövrümüzə gəlib çatıb. Yuxarı karvansaradan indiyədək elə tikildiyi məqsədlə istifadə edilir. O, mehmanxana kompleksi kimi fəaliyyət göstərir.

Şəhər gözəl və baxımlı tarixi və memarlıq nümunələri ilə zəngindir – burada çoxlu sayda erkən alban memarlıq abidələri, qədim qalalar, məscidlər, minarələr, orta əsr hamamları, körpülər və s. var. Məsələn, şəhərdən şimalda əlçatmaz “Gələrsən-görərsən” qalasının (XV-XVIII) qalıqları qalıb. Kiş kəndindəki alban məbədi (I-II əsrlər) də xatırlamaq yerinə düşər. Məşhur Norveç səyyahı Tur Heyerdal burada dəfələrlə tədqiqat aparıb. Səyahətçinin büstü də burada qoyulub. Lakin Şəkinin və Azərbaycan memarlığının incisi bir mismar belə istifadə olunmadan inşa edilən, zövqlü divar rəsmləri və şəbəkə pəncərələri olan Şəki xan sarayıdır (XVIII əsr).

8. Od ruhu və Odlar Yurdunun sirləri

Azərbaycan qədim zamanlardan bəri Odlar Diyarı kimi tanınıb. Bu, əbəs yerə olmayıb, çünki Abşeron yarımadası neft və qazla zəngindir. Yanan qazların yerin səthinə çıxması ilahi möcüzə hesab olunub və buraya dünyanın hər yerindən adamları cəlb edib: qədim zamanlardan atəşpərəstlər Bakıya gəlib və müqəddəs od üzərində öz məbədlərini inşa ediblər. Onlardan biri zərdüştlərin od məbədi Atəşgahdır. Bu məbəd paytaxtdan 30 kilometr məsafədə, Suraxanıda yerləşir. Məbəd Bakıda yaşayan atəşpərəst hindu icması tərəfindən XVII-XVIII əsrlərdə inşa edilib. Atəşgah sitayiş yeri kimi 1880-ci ilədək - sonuncu kahin məbədi tərk edənədək fəaliyyət göstərib. Bu gün Atəşgah dünyanın hər yerindən turistləri özünə cəlb edir.

Abşeronda olmuş səyahətçilər sirli odları öz yol qeydlərində tez-tez təsvir ediblər. Bunların sırasında XVII əsr türk səyyahı Övliya Çələbini qeyd etmək olar. Bakı alovları barədə 1858-ci ildə Bakıda olmuş məşhur fransız yazıçı Aleksandr Düma maraqlı qeydlər edib.

Yer səthinə çıxan yanan qaz alovları Abşeron yarımadasında Bakı yaxınlığında, ərazisində Yanardağ yerləşən kiçik Məhəmmədi kəndini də məşhur edib. Dağın yamacı uzun illər ərzində gecə və gündüz alova bürünüb. Alovun hündürlüyü bir metr, eni on metrdir. Yanardağın alovu Abşeron yarımadasında təbii qaz yatağından yanar qazın sızması ilə bağlıdır. Aydındır ki, bu alışma qədimdə baş verib. Onun barədə hələ Marko Polo məlumat verib. Bu gün təbiətin bu möcüzəsinə baxmaq üçün dünyanın hər yerindən çoxlu sayda turist gəlir. 2007-ci ildən etibarən Yanardağ dövlət tərəfindən mühafizə olunur və onun ərazisi Dövlət Tarixi-Mədəni Təbiət Qoruğu elan edilib.

9. Dənizkənarı park və ya Bakı Bulvarı

Bakı Dənizkənarı Parkı, başqa sözlə, Bulvar Azərbaycana gələn hər kəs üçün ən cəlbedici yerdir. 2009-cu ildə bulvarın 100 illik yubileyi qeyd olunub. Qonaqları buraya möhtəşəm landşaft dizaynı, tennis parkı, ən dadlı dondurma, çərəz və müxtəlif növ qəlyanaltı verilən rahat kafelər (o cümlədən məşhur “Mirvari” kafesi), Yaxt-klub, uşaq və böyüklər üçün çoxsaylı attraksionlar cəlb edir.

Müasir üslubda inşa edilmiş məşhur ticarət-əyləncə mərkəzi “Park Bulvar”, Beynəlxalq Muğam Mərkəzi və orijinallığı ilə diqqəti cəlb edən Azərbaycan Xalça Muzeyinin yeni binası məhz Bulvarda yerləşir. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində açılmış, neon işıqları bərq vuran “Baku Cristall Hall” idman-konsert kompleksi Milli Dənizkənarı Parkın həqiqi bəzəyidir. Bulvarda tez-tez maraqlı tədbirlər, o cümlədən konsert proqramları, milli sənət ustalarının əl işləri sərgisi, suvenirlərin oynanılması, xalq gəzintiləri və s. təşkil edilir. Bulvar daim uzadılır. Dünyada ən hündür bayraqlarından biri (bayraq tirinin hündürlüyü 162 metr) dalğalanan Dövlət Bayrağı Meydanından Bakı Beynəlxalq Limanına qədər uzanan məsafə təqribən 5,5 kilometrdir. Bakı Ağ Şəhər bulvarı salındıqdan, eləcə də Bakı Dənizkənarı Bulvarında əsaslı təmir-tikinti işlərindən sonra Bulvarın ümumi uzunluğu 16 kilometrə çatıb.

10. Müasir memarlığın təntənəsi

Bakı həmişə memarlıq görkəmi ilə şöhrət qazanıb. Burada klassik və müasir tikililər bir-birini tamamlayır. Son illər Qız qalası, İçərişəhər kimi tarixi görməli yerlər ilə yanaşı, müasir Bakının yeni rəmzləri də yaradılıb. Hər şeydən əvvəl, bu, 3 binadan ibarət məşhur “Alov qüllələri”dir. Bir qüllə yaşayış üçün ayrılıb, ikincisi biznes-mərkəz kimi fəaliyyət göstərir, üçüncüdə isə “Fairmont” dünya otellər şəbəkəsinin oteli yerləşir. Elə buradaca məşhur IMAX kinoteatrı yerləşir. Maraqlıdır ki, “Alov qüllələri”nin işıqlandırılması urbanistika üzrə nüfuzlu skyscrapercity.com forumunun sorğusuna görə dünyada ən yaxşı işıqlandırma hesab edilib. Qüllələrin səthi tamamilə LED ekranlarla örtülüb ki, bu da şəhərin ən uzaq nöqtələrindən yaxşı seçilən hərəkətdə olan müxtəlif vizual obrazları təsvir edir.

Heydər Əliyev Mərkəzi, Konqres Mərkəzi, muzey kitabxana və sahəsi 9 hektar olan parkdan ibarət kompleks də çox məşhurdur. Heydər Əliyev Mərkəzinin binasının layihəsi tanınmış arxitektor Zaha Hadidə məxsusdur. Mərkəzin ideal akustikası olan zalında tez-tez dünya səhnəsinin ulduzları çıxış edir. Yeri gəlmişkən, “Alov qüllələri” və Heydər Əliyev Mərkəzi “Discovery” və “Science Channel” kanallarında geniş işıqlandırılıb.

Nəhayət, Bakıda Dövlət Bayrağı Meydanında yerləşən və “Eurovision - 2012” mahnı müsabiqəsinin keçirildiyi ultramüasir “Crystal Hall” konsert kompleksini xatırlamaq yerinə düşər. “Crystal Hall”un fasadı zalda və binanın çölündə müxtəlif effektlər yaratmağa imkan verən müasir dinamik işıqlandırma qurğuları ilə təchiz olunub. Belə ki, “Eurovision-2012” müsabiqəsi zamanı hər bir ifaçı səhnəyə çıxarkən xarici divar işıqları iştirakçının ölkəsinin bayrağının rəngini əks etdirirdi. Xüsusi effektlərin yaradıcısı İsveçrənin Nüssli International AG şirkəti bildirib ki, dünyanın heç bir şəhərində bu cür kompleks inşa olunmayıb. İndi “Crystal Hall”da dünya ulduzlarının çıxışları təşkil olunur. Burada Cenifer Lopez, Şakira, Rianna, “San Remo” ulduzları və başqalarının konsertləri olub.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır