Turistlərə kirayə verilən kənd evlərindən - VERGİ TUTULMAYACAQ
04 İYUL

Turistlərə kirayə verilən kənd evlərindən - VERGİ TUTULMAYACAQ

Azərbaycanda kənd turizminin inkişafı üçün vergi güzəştlərinin tətbiq olunması təklif edilir. Bu, milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanması çərçivəsində ölkə hökumətinə təqdim edilən təkliflər paketində nəzərdə tutulub.

Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev 2-3 iyul 2016-cı il tarixlərində “Ata Travel”, “Synergy Group” və Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə  Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan”a sağlamlıq və istirahət mərkəzinə təşkil edilən info-turda bildirib.

Onun sözlərinə görə, turistlərə öz evini icarəyə verən region sakinlərinin gəlir vergisindən azad edilməsi təklif olunur: «Bununla da kəndə valyutanın və işçi qüvvəsinin axını təmin olunacaq».   

Bundan başqa, turizmlə məşğul olan kiçik və orta sahibkarlara uzunmüddətli kreditlərin aşağı faiz dərəcələri ilə verilməsi təklif edilir. Ruslan Quliyev bildirib ki, bu sahədə çşalışanlara kreditlər illik 1-5%-lə verilməlidir.

R.Quliyev əlavə edib ki, sağlamlıq turizminin payını artırmaq məqsədilə marketinq işi davam etdiriləcək: “2017-ci ilədək lokal və xarici infoturların sayını iki dəfə artırmağı planlaşdırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır