Azərbaycanlılar istirahətə hara gedir? - MARŞRUTLAR
15 İYUL

Azərbaycanlılar istirahətə hara gedir? - MARŞRUTLAR

Fins.az “ACT Azərbaycan”ın Bakı şəhər əhalisi arasında yay istirahəti ilə bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edir. Sorğu göstərib ki, Bakı şəhər əhalisi əsasən bu aylarda - iyul (54%) və avqustda (30%) istirahət etməyi planlaşdırır. 

Rəyi soruşulanların  27 %-i bu yay istirahət etmək üçün paytaxtı tərk edəcək.  Bakıdan kənarda istirahət etməyi planlaşdıranların  64%-i bölgələrdə dincələcək. İstirahət üçün seçilən regionlar arasında lider Qubadır (20%).  Qəbələ 10%-lə ikinci, Nabran və Şəki isə 7%-lə üçüncüdür. 

İstirahətini Azərbaycanda planlaşdıranlar tətil zamanı əsasən  şəxsi və ya qohumların evində (51%), digərləri isə kirayə evlər (20%), mehmanxanalarda (12%) qalacaqlar. Bölgələrdə istirahət etməyi düşünənlər tətillərini təbiət qoynunda (49%)  keçirməyə maraq göstərirlər.  Digərləri isə passiv istirahəti planlaşdırır (39%). 

Xaricə üz tutan bakılıların əsas seçimi isə Türkiyə (24%),  Gürcüstan (22%) və  Ukraynadır (14%). Ölkə xaricində istirahət edənlər əsasən otellərdə (70%), bəziləri isə dost-tanış evində (21%)  qalırlar. 

Bu yay dincəlmək üçün xaricə üz tutanlar əsasən passiv istirahətə diqqət ayıracaqlar (32%).  Digər qrup isə tarixi məkanları və yerli memarlıq abidələrini ziyarət edəcək (25%).  Təbiət qoynuna çıxmaq istəyənlər 21%,  şoppinqi planlaşdıranlar isə 13%-dir. 

Sorğu  12-15 iyun  tarixlərində Bakı şəhərində telefon vasitəsi ilə həyata keçirilib. Ümumilikdə sorğuda 400 respondent iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır