Kürdəmirə Qəbələdən çox turist gəlib
26 İYUL

Kürdəmirə Qəbələdən çox turist gəlib

2015-ci ildən Azərbaycana gələn turistlərin sayı azalıb. Fins.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatını şərh edən iqtisadçı-ekspert Rövşən Ağayev deyib ki, ölkəmizin turizm sektoruna çox nəhəng sərmayələr yatırılıb.

“Xüsusilə, 2007-2013-cü illərdə Qusar, Qəbələ, Quba, Xaçmaz və Şəki rayonlarında, həmçinin Bakıda dəbdəbəli turizm infrastrukturu qurulub. Bunun müqabilində ölkəyə gələn xarici turistlərin sayı nəinki artmayıb, əksinə azalıb. 2011-2013-cü illərlə müqayisə etsək, 2015-ci ildə orta hesabla 15-20% azalma var”.

Regionlarda turistlər niyə azalıb?

R.Ağayevin sözlərinə görə, regonlardakı mehmanxanalarda qalmaq istəyən əcnəbi turistlərin sayı azalıb: “Məsələn, 2010-cu ildə həmin  mehmanxanalarda əcnəbilər 170 min sutka üçün yer sifariş verdiyi halda, 2015-ci ildə bu rəqəm 130 minə enib. Ümumiyyətlə, əgər 2010-cu ildə ölkə üzrə mehmanxalarda qalan turistlərin gecələmə sayında regionların payı 41%  idisə, 2015-ci ildə həmin göstərici 37%-ə enib”.

Ekspertin fikrincə, regionların turizm statistikasının azalmasında "gizli iqtisadiyyat"ın izi istisna edilməməlidir. “Əgər belədirsə, deməli turizmə qoyulan milyardların ölkə iqtisadiyyatına faydası yoxdur. Bu rəqəmlər gerçəyə yaxındırsa, onda yenə də turzimin bir sektor kimi ölkə iqtisadiyyatına faydasını gözləməyin mənası yoxdur”.  

Kürdəmir turizm mərkəzlərini üstələdi

R.Ağayev qərb regionlarında istirahət edən turistlərin sırasında əcnəbilərin olmadığını qeyd edib. Əvəzində Kürdəmirdə turizm obyektlərinin gəlirlərinin dəfələrələ çox olduğunu  vurğulayıb:

“2010-cu ildə Qəbələdə belə məkanlarda qalanların sayı 24.3 min nəfər olmuşdusa, 2015-ci ildə 5.9 min nəfərə enib. Ən təəccüblüsü odur ki, 2015-ci ildə Qəbələdə mehmanxaları seçən turistlərin içərisində 1 nəfər də olsun əcnəbi olmayıb. Nəticə isə belədir: Qəbələ kimi turizm rayonunda 2015-ci ildə mehmanxanaların ümumi gəliri 383 min manat olub. Turizm məkanı hesab edilməyən Kürdəmir rayonunda həmin müəssisələrin gəliri 1.3 milyon manata çatıb. Bu da hökumətin ölkə turziminin qəlbi saydığı Qəbələdən az qala 4 dəfə çoxdur”.

Müalicə turizmi öndədir

R.Ağayev Azərbaycanda müalicə turizminin digər sahələri geridə qoyduğunu bildirib: “ Bu gün ölkənin regionlarındakı gecələmə hesabı ilə götürəndə mehmanxanaların mümkün potensialıının təxminən 5-6%-i istifadə edilir. Həmin göstərici yalnız Naftalanda 45%-ə yaxındır. Bu isə həmin ərazidə olan insanlar üçün spesifik, başqa yerdə əldə edə bilmədikləri müalicə imkanının olması ilə bağlıdır. Bu fakt həm də onu göstərir ki, Azərbaycanda istirahət və əyləncə turziminin potensialı müalicə turizminin potensialından çox-çox aşağıdır”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır