Azərbaycanın “Qız qalaları”nı tanıyaq – SİYAHI
29 İYUL

Azərbaycanın “Qız qalaları”nı tanıyaq – SİYAHI

“Qız qalaları” Azərbaycan ərazisində geniş yayılmış tarixi abidələrdəndir. Niyə məhz Qız qalası?

Qala heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılırdı. Əlbəttə, bu qalaların hamısı istinasız olaraq müdafiə qalalarıdır. Əfsanələrə görə, müharibələr zamanı düşmənlər qarşı tərəfin qız-gəlinlərini ələ keçirməyə çalışır və bununla rəqiblərini sarsıtmağa nail olurdular. Buna görə də ulularımız döyüşlərdən qabaq qız-gəlinləri etibarlı yerlərdə, onlar üçün tikilən alınmaz qalalarda yerləşdirib döyüşə atılırdılar. 

Sözsüz ki, dünyada ən tanınmış “Qız qalası” paytaxt Bakıda yerləşir və şəhərin ən qədim simvollarından biri hesab olunur. Bakının “Qız qalası” Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşir.  

Hərçənd ki, çoxları bu günədək ölkəmizin ərazisində olan digər Qız qalaların mövcudluğundan bixəbərdir. Qız qalası adında qalalar Bakı, İsmayıllı, Şəki, Şamaxı, Qəbələ, Oğuz, Qazax, Yardımlı, Gədəbəy, Naxçıvan Muxtar Respublikası və Qarabağ ərazisində də var.

İsmayıllı rayonundakı “Qız qalası” Xənəyə (Xanəgah) kəndindən şimalda, Axox çayının sağ sahilində, hündür qayanın üstündə yerləşir. Qalaya yeganə yol Qarasu dərəsi ilə qalxır.

Şəkinin “Qız qalası” Çayqaraqoyunlu kəndində yerləşir. Həmçinin tanınmış “Gələrsən-Görərsən” qalasına da Qız qalası, yaxud da Qızlar qalası deyirlər. Qalaya ekskursiyalar təşkil olunur və turistlərə açıq şəkildə bura daxil olmağa icazə verilir.

Şamaxıda Bala qala, Gülüstan qalası, Qız qalası və Buğurd qalası XI-XII əsrin yadigarlarıdır. El əfsanələrindən birində Gülüstan qalasını Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Və buna görə də Gülüstan qalasına da Qız qalası deyirlər. Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. 

Oğuz rayonunun Filfili kəndindəki məşhur Govurqalanın ikinci adı “Qızlar qalası” –Qala kəndinin cənubundadır. Kənddən qalaya dağ yolu var. 

Yardımlının Alar kəndi yaxınlığındakı uca dağ silsilələrinin birində konusşəkilli Qız qalası var. Viləşçayın hövzəsində ən çox maraq doğuran və möhtəşəmliyi ilə fərqlənən Qız qalası turistlərin marağındadır. 

Gədəbəyin Söyüdlü kəndindən 7 km aralıda, dağ zirvəsində yerləşən Qız qalası (Namərd qala) memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə fərqlənir. Qala əldən -ayaqdan uzaq bir yerdə, çox ağır dağ şəraitində tikilmişdir. Dağın ətəklərini iki yandan Şəmkir və Mis çayları yuyur.

Naxçıvanın Şərur rayonunda da Qız qalası var. Cənubi Qafqazda orta tunc dövrünə aid olan yeganə  müdafiə divarlarıdır. Bu dövrə aid yaşayış yerində qala divarlarının qalıqlarına Naxçıvanda II Kültəpə və Şahtaxtıda da rast gəlinir. 13 hektar sahəsi olan Qız qalası bu abidələrin üçüncüsü və ərazicə ən böyüyüdür. 

Cəbrayıl rayonunun Qız qalası, habelə Dağlıq Qarabağın başqa qalaları işğal nəticəsində dağıdılmışdır. Qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır