Azərbaycan şərablarının almanlarla başlayan - TARİXİ
30 İYUL

Azərbaycan şərablarının almanlarla başlayan - TARİXİ

Azərbaycanda üzümçülüyün və şərab sənayesinin inkişafında alman koloniyaçılarının müstəsna xidmətləri olub. Üzümün şərabçılıq məqsədilə becərilməsində böyük işlər görən almanlar Helenendorfda (indiki Göygöl şəhəri) 1828-ci ildən məşhurlaşmağa başlayıblar. O vaxta qədər yerli əhali tərəfindən üzümün bir neçə sortu əkilib becərilsə də, ondan daha çox yemək üçün istifadə edilib. Demək olar ki, alman Xristofer Forer və Xristian Hummelin xidmətləri sayəsində Azərbaycan şərabları dünyada geniş şöhrət qazanıb, özünə layiqli yer tutub.

Xristofer Forer 1827-ci ildə Helenendorfda dünyaya göz açıb. Bütün koloniyaçılar kimi, onun da 7 desyatin (1desyatin=1,092 hektar) torpaq sahəsi var idi. Forer dərzilik, poçtalyonluq və çarvadarlıqla məşğul olurdu. Forer 1 desyatin torpaq sahəsində ailəsi üçün üzüm əkir, məhsulun bir hissəsindən şərab hazırlayırdı.

1856-cı ildə fransız ipəkçiləri Şəkidən barama toxumu alıb qayıdarkən Gəncədə bir neçə günlük qonaq olurlar. Onlar Azərbaycan xörəklərindən yedikdən sonra şərab da dadmaq istəyirlər. Lakin müsəlman etiqadlı şəhər sakinlərindən şərab tapmaq mümkün olmadığından gəncəlilər fransızlara yaxınlıqda yerləşən Helenendorfa getməyi məsləhət bilirlər. Fransızlar Forerin evinə gələrək şərabın dadına baxdıqdan sonra “sizin şərabınız bizim Burqund şərabına bənzəyir” deyərək, özlərinə bütün yol boyu kifayət edəcək qədər şərab alırlar. Fransızların bu sözü Forerdə öz işinə inam yaradır, gələcək fəaliyyətini müəyyənləşdirməyə kömək edir.

Forer dərzilik sənətindən əl çəkərək özünü tamamilə mürəkkəb, zəhmətli, lakin cəlbedici və maraqlı işə - şərabçılığa həsr edir. 1852-ci ildə ilk dəfə Kaxetiyadan Helenendorfa Tavkveri üzüm növünün çubuqlarını gətirir. Həmin üzüm növü həm məhsuldar idi, həm də ondan dadlı, tünd qırmızı rəngdə şərab alınırdı.

Ümumiyyətlə, o vaxtlar alman şərabçısının bağlarında Qafqaz və Avropanın ən məhsuldar üzüm növləri əkilirdi.

1860-cı il Azərbaycanda əsası helenendorflu alman sahibkarı Forer tərəfindən qoyulmuş iri şərabçılıq sənayesinin təşəkkülü ili olur və bu ildən də Forer şərab satışı ilə məşğul olmağa başlayır. Artıq fəaliyyətə başladığı ildə Forerin 18 desyatin üzüm bağı var idi. İki ildən sonra alman sahibkar “Forer qardaşları” səhmdar cəmiyyətini yaradır.

O, üzüm plantasiyalarının sahəsini davamlı surətdə artırırdı. Alman sahibkar 1886-cı ildə yerli maldarların qış otlaqları kimi istifadə etdikləri Qarayeri deyilən yerdən 900 desyatin torpaq sahəsi alır. Lakin həmin torpaqları istifadə etmək mümkün deyildi. Torpaqları kol-kos basmış, susuz sahədə ilanlar məskunlaşmışdı. Forer ilanları məhv etmək üçün sahəyə donuz sürüləri buraxır. Donuzda ilana qarşı reaksiya güclü olduğundan, o, ilanı görən kimi tapdalamağa başlayır. Şübhəsiz ki, ilan da donuzu dişləyir. Lakin donuzun ayağındakı qalın piy qatı onu ilanın zəhərindən qoruyurdu. Beləliklə, donuzlar ilanları məhv edir. Sahələr isə kol-kosdan təmizlənir. Sahələrdə kəhriz qazılaraq su məsələsi də həll edilir və torpaq üzüm əkini üçün tam yararlı vəziyyətə gətirilir.

Beləliklə, Forer sıravi, kasıb koloniyaçıdan iri sahibkar olana qədər ağır və məşəqqətli yol keçib. Forerin Qafqazın ən böyük sərmayəyə malik şərab şirkətinə sahib olması heç də təsadüfi deyildi. Bu sahədə bütün istehsal təşəbbüsləri, yaradıcılıq və liderlik məhz ona məxsus idi.

Məlumatlara görə, həmin dövrdə üzüm bağlarının sadəcə 6 faizi almanların olsa da, helenendorflu Forer və Hummel qardaşları bu kiçik sahədə bütün Qafqazda hazırlanan şərabın 58 faizini istehsal ediblər. Bu da onunla əlaqədardır ki, yerli fermerlər üzüm bağlarını şimaldan cənub istiqamətində əkirdilərsə, almanların bağları qərb-şərq istiqamətində idi. Bu isə küləyin bağlar arasında rahatca keçərək üzüm tənəklərinə daha az ziyan vurmasına səbəb olub.

Əməksevərlikləri, yaradıcılıqları və təşəbbüskarlıqları ilə Forerlər Azərbaycanda çox varlanıb, var dövlət sahibi olublar. İlk növbədə “Forer qardaşları” şirkətində çalışan Forerin 4 oğlu - Xristofor, Qotlib, Fridrix və Henrixin, həmçinin orada çalışan bacarıqlı mütəxəssislərin səyi nəticəsində Azərbaycan şərabları dünya bazarına çıxıb.

Qeyd etmək lazımdır ki, Forerlər Azərbaycanda ilk dəfə pivə istehsalı ilə də məşğul olublar. Həmçinin XIX əsrin sonlarında Avropada çoxdan tanınan, Azərbaycanda isə məlum olmayan bir içkinin - konyakın istehsalı ilə məşğul olmağa başlayıblar. 1892-ci ildə “Forer qardaşları” Helenendorfda Azərbaycanda ilk dəfə iki spirtçəkmə aparatı olan konyak zavodu tikiblər. Ağıllı, işgüzar və qənaətcil olan Forerlər daha sonra 1905-ci ildə Azərbaycanda ilk dəfə cecədən spirt çəkmək üçün rektifikasiya zavodu inşa ediblər. O vaxtdan 100 il keçməsinə baxmayaraq, həmin avadanlıqlar bu gün də işləyir.

Azərbaycanın qida sənayesi və kənd təsərrüfatı sahəsinə özlərinin yenilikləri ilə silinməz iz qoyan “Forer qardaşları”nın istehsal etdikləri şərablar və konyaklar fəaliyyətə başladıqları dövrdən 1914-cü ilədək dünyanın 81 ölkəsində keçirilən beynəlxalq sərgi və dequstasiyalarda 39 dəfə qızıl, gümüş medallara, diplom və fərmanlara layiq görülüb.

Mənbə: Azertac 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır