Qəbələnin otellərində boş yer yoxdur” - Prezident
11 AVQUST

Qəbələnin otellərində boş yer yoxdur” - Prezident

“Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir”.

Fins.az  Trend-ə istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, Formula-1 yarışı, onun auditoriyası 500 milyon insandır: “Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. “ASAN Visa” xidmətinin fəaliyyətə başlamasından sonra, - bu da oktyabr ayında nəzərdə tutulur, - əminəm ki, gələnlərin sayı daha da artacaq.

Bu gün mənə verilən məlumata görə, yay aylarında Qəbələnin çoxsaylı otellərində boş yer yoxdur. Ölkə vətəndaşları, xarici vətəndaşlar gəlirlər, istirahət edirlər, Azərbaycan ilə tanış olurlar, Qəbələnin gözəlliyini seyr edirlər.

Turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir. Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır