Nəsimi bələdiyyəsi bir neçə mehmanxananı məhkəməyə verdi
22 AVQUST

Nəsimi bələdiyyəsi bir neçə mehmanxananı məhkəməyə verdi

Nəsimi bələdiyyəsinin hüquqi məsələlər üzrə baş məsləhətçisi Əli Mahmudovun verdiyi məlumata görə,  Nəsimi bələdiyyəsi ərazisində fəaliyyət göstərən  "Hale kai", “Eqosit” Hotel və  “Caspian guest house" (“Kaspian” qonaq evi) mehmanxanalarını mehmanxana rüsümunu vermədiklərinə görə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edib.

Fins.az xəbər verir ki, iddia ərizəsində adıçəkilən mehmanxanaların hesabatlarını məcburi verməsi və onlara  maliyyə sanksiyasının tətbiq olunması tələb edilir.

Ə.Mahmudovun sözlərinə görə, 07.04.2002-ci il tarixdə qüvvəyə minən "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunun  9.1.4 maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən hər bir şəxs (mehmanxana müsafiri) üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə ödənişlər edilməlidir.

"Həmin qanunun 11.2-ci maddəsinə əsasən yuxarıda göstərilən ödəniş  qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək  bələdiyyələrə ödənilməlidir. Vergilər Nazirliyinin müvafiq əmrilə təsdiq edilən yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxs hər hesabat rübü üçün növbəti ayın 20-dək bələdiyyənin vergi xidməti orqanına hesabatı təqdim etməlidir".

Lakin adıçəkilən  mehmanxanalar  2015-ci ilin oktyabr, noyabr, dekabr və 2016-cı ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün hesabatları təqdim etməyiblər. Bu məqsədlə Nəsimi bələdiyyəsi 07.06.2016-cı il tarixdə 01/154 saylı məktubla mehmanxana xidməti göstərən mehmanxanalara rəsmi müraciət edib. Ancaq cavabdehlər bu günə kimi hesabatları bələdiyyəyə təqdim etməyiblər. Həmin hesabatlara uyğun olaraq ödənişlər də olmayıb.

Beləliklə, cavabdehlərə hesabatı vaxtında Nəsimi bələdiyyəsinə təqdim etmədiyinə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır.

Bələdiyyə rəsmisinin sözlərinə görə, Nəsimi bələdiyyəsi cavabdehlərin bu cür hərəkətlərini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Qanununa, Avropa Şurasının "Avropa Xartiyasına", Xalq tərəfindən seçilmiş yerli özünüidarəetmə orqanlarına olan hörmətsizlik və ödənişləri ödəməkdən şüurlu surətdə yayınmaq kimi qiymətləndirir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2 və 46-cı maddələrini rəhbər tutub məhkəmədən  mehmanaxanalar tərəfindən hesabatların məcburi verilməsi və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi haqqında  qərar qəbul etməyi xahiş edir. 

Mənbə: Belediyye.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır