Hotellər qonaqların sayını niyə gizlədir?
25 AVQUST

Hotellər qonaqların sayını niyə gizlədir?

Xəbər verdiyimiz kimi, Nəsimi bələdiyyəsi yerli vergiləri ödəmədiyinə görə  3 hoteli məhkəməyə verib. Bunlar "Hale kai", “Eqosit” Hotel və  “Caspian guest house" (“Kaspian” qonaq evi) mehmanxanalarıdır.

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov fins.az-a açıqlamasında   bildirib ki, rayon ərazisində 12 hotel fəaliyyət göstərir: “Onların bəziləri vergiləri qaydasında ödəsə də, qalanları bələdiyyə ödənişlərindən yayınırlar. Ayda 220 manat pul ödəyirlər və bildirirlər ki, guya qonaqları olmayıb. Halbuki, həmin hotellər şəhərin mərkəzində yerləşir və kifayət qədər qonaq qəbul edirlər”.

Turist sayı artır, vergi isə ödənilmir

"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunun  9.1.4 maddəsinə əsasən, bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən fiziki və hüquqi şəxslər hər bir mehmanxana müsafiri üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyə büdcəsinə ödənişlər etməlidir. Həmin qanunun 11.2-ci maddəsi ilə ödəniş  qeydiyyata düşmüş şəxslərdən tutularaq, növbəti ayın 5-dək  bələdiyyələrə ödənilməlidir.

Lakin hotellər bələdiyyələrin sorğusuna dorğu cavab verməyərək bu vergini ödəməkdən yayınırlar. N.Qaraxanovun sözlərinə görə,  bu il Nəsimi rayonu ərazisində qalan turistlərin sayı ötən ildəkindən 2 dəfə çox olacaq: “Ötən il bizim  bələdiyyənin ərazisindəki otellərdə 170 min turist qalıb. Bu il isə əldə olan rəqəmlər əsasında demək olar ki, 250 min nəfər ola bilər. Bu, kifayət qədər böyük rəqəmdir. Ancaq bələdiyyə həmin turistlərin gəlişindən    faydalana bilmir”.

Qonaqların sayı gizlədilir

N. Qaraxanov deyib ki, “Vergi Məcəlləsi”nin 10 saylı əlavəsində bələdiyyə vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı xüsusu blank təsdiq edilib: “Bələdiyyə ərazisindəki mehmanxanalar həmin  blankı dolduraraq bizə təqdim etməlidirlər. Orada onların qonaqlarının sayı da əksini tapmalıdır. Ancaq böyük bir hotel elə  rəqəmlər qeyd edirlər ki, heç bir məntiqə sığmır”.

Adıçəkilən  mehmanxanalar da 2015-ci ilin oktyabr, noyabr, dekabr və 2016-cı ilin yanvar, fevral, mart, aprel, may və iyun ayları üçün hesabatları təqdim etməyiblər. Buna görə də Nəsimi bələdiyyəsi mehmanxanaları məhkəməyə vermək məcburiyyətində qalıb.

Hoteldə boş yer yoxdur, amma...

Bələdiyyənin hotellərdəki real vəziyyəti araşdırmaq səlahiyyətinin olmaması vəziyyəti daha da çətinləşdirir. N.Qaraxanavun sözlərinə görə. onların apardığı monitorinqlərin heç bir hüquqi qüvvəsi olmadığından məhkəməyə müraciət edib ödənişlərini tələb edə bilmirlər.

“Biz müştəri kimi nömrə sifariş etmək üçün hotelə zəng edirik, bizə bildirirlər ki, boş yer qalmayıb. Amma hesabat verəndə gülməli rəqəmlər göstərirlər. Bu məsələdə xidmət   müəssislərinə ciddi təsir mexanizmi olmadığından bizim bütün  səylərimiz nəticəsiz qalır. Halbuki, həmin vəsaitlər bələdiyyənin büdcəsinə daxil olsa, rayonun abadlaşmasına, maraqlı istirahət məkanlarının sayının artmasına, sakinlərin sosial həyatının təşkilinə sərf edə bilərik”. 

Dayanacaqlar da vergi vermir  

Vergidən yayınan təkcə   hotellər deyil. Adıçəkilən qanuna görə, maşın dayanacaqları sutka ərzində oradan istifadə edən hər maşına görə bələdiyyənin hesabına 10 qəpik ödəməlidir. Bələdiyyə sədri bildirib ki, Nəsimi rayonundakı yeraltı və yerüstü   maşın dayanacaqları da eyni “qayda” ilə ödənişlərdən yayınırlar.

“Rayonda 5 iri dayanacaq fəaliyyət göstərir. Gözümüzün qarşısında gün ərzində oradan yüzlərlə maşın istifadə edir. Ancaq bələdiyyəyə heç bir vəsait ödəmirlər. Hesabatları verməkdən imtina edirlər”.

Bələdiyyələri xilas üçün yeni hesabat forması

Problemin həllində Vergilər Nazirliyi də kömək edə bilmir. Lakin yeni hazırlanan hesabat forması hamının işinə yarayacaq.

N.Qaraxanov bildirib ki, Maliyyə və Vergilər nazirlikləri ciddi hesabat blankları hazırlayıb. Onlar elektron qaydada doldurularaq  nazirliklərə təqdim ediləcək. Həmin hesabatda hesab-fakturaların məlumatları əksini tapacaq.          

Qeyd eədk ki, hotellərdə qonaqlara təqdim edilən hesab-fakturalarda giriş qiymətləri, ƏDV və bələdiyyə vergisi göstərilir. Həmin məlumatlar avtomatik qaydada mərkəzi məlumat sisteminə ötürüləcək. Bələdiyyələrin də bu  sistemə girişi və istifadəsi təmin ediləcək. Bundan sonra onlar yerli vergiləri avtomatik qaydada toplaya biləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır