Yeni "Turizm Şurası" yaradılır
01 SENTYABR

Yeni "Turizm Şurası" yaradılır

Prezident İlham Əliyev Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamın imzalanmasında məqsəd “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndən irəli gələn vəzifələrin icrası, Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sənayesinin formalaşdırılması və onun ölkə iqtisadiyyatındakı xüsusi çəkisinin daha da artırılması, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsidir.

Sərəncama əsasən Azərbaycan Respublikasının Turizm Şurası yaradılır. Şuranın əsas məqsədi Azərbaycanda turizm sahəsində mövcud vəziyyəti təhlil etməkdən, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsindən, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Şura öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər, habelə işçi qruplar yarada bilər.

Sərəncamda Nazirlər Kabinetinə 2017-ci il və növbəti illər üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsində Mədəniyyət və Turizm Nazirliyinin müraciəti əsasında ticarət festivallarının (“shopping festival”) keçirilməsi ilə bağlı tələb olunan vəsaitin nəzərdə tutulmasını təmin etmək, nazirliyin təklifləri əsasında Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının 2016 – 2017-ci illər üzrə fəaliyyət planını hazırlayıb təsdiq etmək və zəruri maliyyələşməni təmin etmək, İqtisadiyyat, Maliyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti, həmçinin Mədəniyyət və Turizm və Təhsil nazirlikləri ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görəcək.

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etmək, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında (“shopping festival”) pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsinə, İqtisadiyyat Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadə etməklə çimərlik turizminin inkişafına dair təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim etmək tapşırılıb.

Mədəniyyət və Turizm Nazirliyi, həmçinin İqtisadiyyat, Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə birlikdə turizm və rekreasiya zonalarında vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi ilə bağlı təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim edəcək. Bundan başqa, nazirlik yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə təkliflərini hazırlayıb altı ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Mədəniyyət və Turizm Nazirliyi, habelə Xızı-Xaçmaz, Quba və Qusar turizm və rekreasiya zonalarının Baş inkişaf planlarını hazırlayıb təsdiq etməli və onların pasportlarının dövlət qeydiyyatına alınmasını təmin etməli, beynəlxalq təcrübə nəzərə alınmaqla, turizm potensialı olan məkanlara turistlərin cəlb olunması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Xarici İşlər Nazirliyi ilə birlikdə isə ölkənin turizm potensialının təşviqi, turizm məhsullarının dünya turizm bazarına çıxarılması, satışının təşkili və ölkəyə turist axınının artırılması məqsədilə prioritet hesab olunan ölkələrdə fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində turizm nümayəndələrinin təyin və onların fəaliyyətinin təmin edilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycanın Rusiya, Türkiyə, İran və Gürcüstan ilə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Prezidentə təqdim edəcək.

Bundan başqa, nazirlik müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə turizm ehtiyatları, turizm nümayişi obyektləri, turizm məhsulları və turizm sənayesinin subyektləri haqqında məlumat bazasını, o cümlədən turizm ehtiyatları, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatları və onların monitorinqinin nəticələrini özündə əks etdirən Turizm Reyestrinin və informasiya saytının yaradılmasını altı ay müddətində təmin etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır