Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar
02 SENTYABR

Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar

Rusiyanın “Vestnik Kavkaza” portalında Azərbaycanın təbiəti, mətbəxi, mədəniyyəti, milli adət-ənənələri, müasir tikililəri barədə “Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar” sərlövhəli məqalə dərc edilib. Fins.az Azərtac-a istinadən maraqlı fotoşəkillərlə müşayiət olunan məqaləni təqdim edir.

X X X 

Bakıda “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunları keçiriləndən sonra Avropada heç kəsin şübhəsi qalmadı ki, Azərbaycan – Avropa ilə Asiyanı birləşdirən müasir dövlətdir. Britaniyanın ən qədim gündəlik nəşri olan “The Daily Telegraph” qəzeti “Səyahətlər” rubrikasında Azərbaycana həsr edilmiş materialda bu ölkənin mədəniyyətinin və onun mentalitetinin bəzi cizgilərini açıqlayır.

Bu ölkədə fəsəlini xoşlayırlar

İçlikli fəsəlinin bir növü olan qutab Azərbaycanın milli yeməyidir. Onun içərisinə balqabaq, tərəvəz, ət və ya sadəcə ətirli göyərti doldurur, sonra bükərək tavada və ya sacda bişirirlər. “Nutella”nı unudun, Azərbaycan fəsəliləri çox dadlıdır.

 

Qədim insan məskəni

Azərbaycanın qərbində yerləşən Azıx mağarasının lap dibində arxeoloqlar 1,5 milyon il bundan əvvəl hazırlanmış alətlər aşkar ediblər. Mağara kompleksinə daxil olan altı zalda çoxlu sayda qədim əşyalar var. Mütəxəssislərin fikrincə, bu mağaralarda iki milyon il ərzində insan yaşayıb. 

Sərhədlərdə problemlər

Azərbaycanın qərbindəki sərhədi keçəndən sonra qondarma muxtar respublikaya - Dağlıq Qarabağa düşürsünüz. Dağlıq Qarabağ Azərbaycanın tərkibində beynəlxalq miqyasda tanınmış bölgədir. O, qeyri-adi dərəcədə gözəl dağ zirvələri, regionun vadilərində bitən tut və üzüm bağları ilə məşhurdur. 

Azərbaycanlılar çayı mürəbbə ilə içirlər

Azərbaycanda heç bir məclis çaysız keçmir. Çayın yanında çoxlu əlavələr olur. Adətən çayı mürəbbə ilə içir, ona kəklikotu, limon, nanə və ya qızılgül suyu əlavə edirlər. 

 

Şirin çay olmasa, toy da olmayacaq

Elçilik zamanı çay hadisələrin sonrakı inkişafının indikatorudur. Əgər çay şəkərsiz verilsə, bu, o deməkdir ki, müzakirələri hələ davam etdirmək lazımdır. Əgər çay şirindirsə, deməli toy olacaq

Qəhrəman atlar

Sürətli yerişi, ağıllı davranışı və dözümlülüyü ilə məşhur olan Qarabağ atı Azərbaycanın milli rəmzi hesab edilir. Bu endemik heyvan dünyada ən qədim cinslərdən biridir.

 

Əslində ölkə çox böyük deyil

Azərbaycanın ölçüləri onunla həmsərhəd olan Türkiyə, İran və Rusiya ilə müqayisədə kiçikdir. Lakin ərazisi 86,600 kvadratkilometr olan Azərbaycan Uelsdən təxminən 4 dəfə böyükdür.

Ölkədə atalar sözlərini xoşlayırlar

“Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi məsəllər çox məşhurdur.

Azərbaycanda metal dirəklər üzərində tikilmiş bir şəhər var

“Neft daşları” qəsəbəsi əvvəlcə Xəzər dənizində yeganə buruq vışkası və bir neçə piyada cığırı şəklində yaradılmışdı. Bu gün isə o, metal dirəklər üzərində ucaldılmış bütöv bir şəhərdir. Burada mağazalar, mədəniyyət mərkəzləri və mehmanxanalar var.

 

Qaz ehtiyatları tükənməzdir

Yanardağ deyilən odlu dağda yerdən püskürən alovun mənbəyi çox böyük yeraltı qaz yataqlarıdır. Bakının yaxınlığında yerləşən bu dağ əsrlər boyu səyyahları və işğalçıları özünə cəlb edib. XIII əsrdə tədqiqatçı Marko Polo burada gördüyü əsrarəngiz yanğınlar barədə yazıb. Təbii qaz Azərbaycanda ciddi gəlir mənbəyidir: 2013-cü ildə 29 milyard kubmetr mavi yanacaq hasil edilib.

 

Üzümlüklərin sayı-hesabı yoxdur

Azərbaycan neft-qaz satışından çox böyük mənfəət əldə etməsinə baxmayaraq burada, həmçinin dənli bitkilər, üzüm və pambıq da yetişdirilir, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar.

Bu ölkənin valyutası avroya oxşayır

Azərbaycanın valyutası manat avro əsginaslarına çox oxşayır – həm ölçülərinə, həm rənglərinə, həm də şriftlərinə görə. Lakin hər bir əsginasın milli eyniyyətini göstərən müxtəlif aspektlər var: beş manat dəyərində əsginasın üzərində mili himndən bir parça yazılıb, 20 manatlıq əsginaslar qılınc, qalxan və dəbilqə rəsmləri ilə bəzədilib.

 

Azərbaycanlılar güclü millətdir

Bakıya yolunuz düşsə armrestlinq yarışlarında iştirak edə bilərsiniz. Ölkənin peşəkar liqasını Armrestlinq Federasiyası təmsil edir. Bakının idman zallarında və barlarda bu məşğuliyyətə çox ciddi yanaşırlar.

 

Lax yumurta iyi gəlir? Təqsir vulkanlardadır

Azərbaycanda 400-dən çox palçıq vulkanı var. Dünyanın heç bir başqa ölkəsində bu qədər vulkan yoxdur. Vulkanlar püskürəndə alovun hündürlüyü 1 kilometrə çatır. Sakit vəziyyətdə vulkanlar qabarcıqlar şəklində zərərli qazlar buraxır.

 

Azərbaycanda yaxşı xalçaları xoşlayırlar

Azərbaycanda xalça muzeyi 2014-cü ildə Bakıda, dəniz sahilində açılıb. Muzeyin binası nəhəng ölçülü bükülü xalça formasında layihələşdirilib. Muzeydə ölkənin bütün guşələrindən gətirilən və bütün dövrlərə aid xalçaları görmək olar. Burada xalçalarla tanışlıq xalça istehsalı prosesinin nümayişi ilə müşayiət edilir.

  

Musiqi ilə müşayiət edilən milli oyun

Çövkan polo oyununu xatırladır: oyunçular at belində, əllərində ucu əyri ağac olmaqla oynayırlar. Lakin polo ilə oxşarlıq yalnız bundan ibarətdir. Çövkan oyunu musiqi ilə müşayiət edilir və bütün oyunçuların əynində milli kostyumlar – genbalaq şalvar, tikməli nazik köynək, başlarında papaq olur.

 

Bütün uşaqlar mil ilə toxumağı bacarır

Ənənəvi “Yeddi gözəl” turnirinə hazırlıq çərçivəsində qızlar lap erkən yaşdan bəzi geyimləri mil ilə toxumağı öyrənirlər. Qızlar sürətlə corab toxumaqda yarışırlar. Kimin toxuduğu corab daha tez hazır olsa və yaxşı olsa, turnirin qalibi həmin qız olur.

 

Bakılılar çox bənzərsiz adamlardır

Azərbaycanın paytaxtını öz qeyri-adi memarlığına və insanların zinət əşyalarını xoşlamalarına görə çox vaxt Dubayla müqayisə edirlər. Bakının ən mühüm memarlıq nümunələri Zaha Hadid tərəfindən layihələndirilmiş möhtəşəm Heydər Əliyev Mərkəzi, SOCAR-ın baş ofisinin yerləşdiyi güzgülü göydələn və Azərbaycanın neft və qaz ehtiyatlarının rəmzi olan Alov qüllələridir.

 

Paytaxtda qayıqla üzmək olar

Bakıda “Kiçik Venetsiya” deyilən süni su kanalı var. Kanal boyunca restoranlar və əyləncə müəssisələri yerləşir. “Kiçik Venetsiya”da körpülər və keçidlərlə birləşən adalar var, lakin ona tamaşa etməyin ən yaxşı üsulu qondola qayığına minməkdir.

 

Rus dilinin uzun tarixi var

Azərbaycanlılar Azərbaycan dilində danışır, lakin rus dili burada geniş yayılıb. İngilis dilində danışanlar da çoxdur. Burada tərcüməçiyə ehtiyac yoxdur.

Çörək müqəddəsdir

Çörək köhnələndə azərbaycanlılar onu zibil qutusuna atmırlar. Onlar çörəyə hörmət əlaməti olaraq onu başqa tullantılardan ayırıb xüsusi kisələrə yığırlar. Əgər sizin əlinizdəki çörək yerə düşübsə, ənənəyə görə çörəkdən üzr istəmək əlaməti olaraq onu qaldırıb öpmək lazımdır.

 Sonuncu kolxozlardan biri bu ölkədədir

Sovet dövrünün qalığı sayılan İvanovka kolxozu bütöv bir icma ilə təmsil olunub. (Nikitin adına kolxoz Azərbaycan üçün həqiqətən nadir hadisədir. 1996-cı ildə ölkədə aqrar islahat keçirildi, torpaq xüsusi mülkiyyətə verildi. Lakin Nikitin kolxozunun üzvlərinə heç kəs toxunmadı. Bakıda qərara aldılar ki, bu insanlar kollektiv şəraitdə yaşayıblar, qoy bundan sonra da belə yaşasınlar. Bu istisna həmin icmanı qoruyub saxlamaq, rus əhalinin arzusuna uyğun olaraq onların yığcamlığını saxlamaq xatirinə edildi. – Redaktorun qeydi)

 

Uşaqları duzlu suda çimizdirirlər

Hesab edirlər ki, əgər təzə doğulmuş uşaqları duzlu suda çimizdirsəniz, onlar güclü, namuslu və cəsur olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır