Turizm işçiləri üçün - YENİ TƏLƏBLƏR
16 SENTYABR

Turizm işçiləri üçün - YENİ TƏLƏBLƏR

Azərbaycanda turizm sahəsi üzrə işləyənlər üçün icrası məcburi olan yeni tələblər qoyulur. Milli Məclisdən verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə qeyd edilir ki, turizm sahəsində bir sıra şəxslər mütləq peşə sertifikatı almalıdırlar. Həmin şəxslər hüquqi şəxs olan turagentin və ya turoperatorun, onların filialları və nümayəndəliklərində idarəetmə və ya nəzarət orqanında vəzifə tutan şəxs, habelə idarəetmə və ya nəzarət funksiyasını təkbaşına icra edən şəxs, turizm fəaliyyəti ilə şəxsən məşğul olan fərdi sahibkar, turizm təşkilatçısına tabe olan və turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri (menecer, baş menecer və s.) və ya bu funksiyanı təkbaşına icra edən şəxs (menecer, idarəçi, məsul şəxs), bələdçi, bələdçi-tərçüməçi, yerləşdirmə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar, yerləşdirmə vasitəsində turistlərin qəbulu ilə məşğul olan qurumun rəhbəri və ya bu funksiyanı icra edən şəxslərdir.

Layihəyə görə, nəzarət orqanının müəyyən etdiyi qaydalar üzrə peşə sertifikatı almamış şəxsin aidiyyatı fəaliyyəti həyata keçirməsi məsuliyyətə səbəb olacaq. Bu halda həmin şəxs barədə məlumat Dövlət Turizm Reyesytrinin aktiv bölməsindən çıxarılmalıdır. Şəxs peşə imtahanını uğurla verdikdə onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktib bölməsinə daxil edilməlidir. Peşə imtahanı vermiş şəxsin arzusu ilə peşə sertifikatı elektron formada verilir.

Peşə sertifikatının sahibi barəsində məhkəmə tərəfindən oğurluq, etibardan sui-istifadə, dələduzluq, sənədlərin saxtalaşdırılması, rüşvət vermə və rüşvət alma maddələri üzrə ittiham hökmü çıxarıldıqda və ya eyni maddələr üzrə bəraətverici əsaslar olmadan cinayət işinə xitam verildikdə nəzarət orqanı müvafiq peşə sertifijkatını etbarsız hesab etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır