Turizm biznesində yeni istiqamət – QADINLAR ÜÇÜN
28 SENTYABR

Turizm biznesində yeni istiqamət – QADINLAR ÜÇÜN

Azərbaycanda bəzi xidmət sahələrinin azlığı və ya ümumiyyətlə olmaması açıq aydın hiss olunur. Məsələn, sırf qadınlar üçün istirahət mərkəzlərinin olmaması bir çox xanımları rahat istirahət imkanından məhrum edir.

Xanımlar üçün istirahət mərkəzlərinə tələbat artacaq

Xüsusən də hicablı xanımlar üçün  belə istirahət mərkəzləri  demək olar ki, yox səviyyəsindədir. Bəs, belə mərkəzlərin ölkəmizdə olmamasının səbəbi nədir? Ekspert Samir Dübəndi hesab edir ki, qadınlar üçün istirahət mərkəzlərinin yoxluğu ilk növbədə bu sahədə tələbatın azlığı ilə bağlıdır. İkinci səbəb isə bu sahənin az inkişaf etməsidir. Amma ekspert  istisna etmir ki, gələcəkdə xanımlar üçün istirahət mərkəzlərinin olmasına tələbat artacaq. Buna əsas səbəblərdən biri də müsəlman ölkələrdən gələn turistlərin artmasıdır.

Hazırda ölkəmizdə yalnız qadınlar üçün bir kafe fəaliyyət göstərir hansı ki, burada xanımlar üçün alkaqolsuz soyuq və isti içkilər təqdim olunur. Çay dəsgahının qiyməti isə 20-30 manat arasında dəyişir.

Qeyd edək ki, kişilər üçün olan kafelərdə də qiymətlər elə bu aralıqda dəyişir. Həmçinin qadınlar üçün fitness salonlar və üzgüçülük üçün hovuzlar da mövcuddur. Bu idman komplekslərinin aylıq ödənişləri isə 60 -100 manat civarındadır.

Halal turizm inkişaf edəcək

Lakin sırf xanımlar üçün istirahət və ya əyləncə mərkəzləri yoxdur. Qadınlar öz övladları ilə əylənə və istirahət edə biləcəkləri belə məkanlar biznesin maraq dairəsində olmalıdır. Əsasən də xanımlar üçün çimərliklərin və akvaparkların olmaması öz sözünü deyir. Qeyd edək ki, hazırda qonşu Türkiyədə yalnız qadınlar üçün 80-ə yaxın otel fəaliyyət göstərir. Hhalbuki, 2002-ci ildə Türkiyədə cəmi 5 belə otel olub. Bu cür mərkəzlərə halal turizm deyilir. Belə yerlərdə nəinki əcnəbilər həmçinin yerli xanım sakinlər də istirahət edə bilərlər.

Halal otelin kriteriyaları

Bu cür otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. SPA-mərkəzləri də qadınlara və kişilərə görə ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilərin orucdan sonra dənizdən istifadə etmələri üçün çimərliklər işıqlandırılır.

Türkiyədə halal sertfikatı almış ilk otel isə Antalyanın Alanya bölgəsindəki “Adenya” otelidir. Burada qiymətlər belədir:

3 nəfərlik ailə + 1 otaq admbaşına - 588 manat

4 nəfərlik ailə + 1 otaq adambaşına - 583 manat

Burada qadınlar üçün beş hovuz xidmət göstərir və adi çimərlik paltarlarından istifadə etmək mümkündür. Bu oteldə qumu Misirdən gətirilən qapalı dəniz də var. Dənizin qapadılması isə suyun  qarşısının iri yelkənlərlə bağlanılması ilə həyata keçirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır