Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
13 OKTYABR

Həftəsonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Böyük səbirsizliklə gözlədiyimiz həftə sonu yaxınlaşır. Qarşıdan bəziləri üçün 1, kimlər üçün isə 2 günlük istirahət günü yaxınlaşır. Əsas məsələ bu günləri yaddaqalan və səmərəli keçirməkdir. Fins.az ənənəvi olaraq öz oxuyucularına həftəsonu turlarını təqdim edir.

Dekorativ-Tətbiqi Sənət Festivalı – PULSUZ
Əgər siz istirahətə pul xərcləmək, uzaq məsafə də qət etmək istəmirsizsə və üstəlik, incəsənət vurğunusunuzsa, onda “Art Villa” qalereyasında, ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalına gedə bilərsiz. Festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər numüyiş olunacaq. Festival ölkənin dekorativ-tədbiqi sənət aləmində ənənəvi və məşhur bayram xarakteri daşıyır. Festivalın açılışı dünən olub, amma ayın 16-dək davam edəcək və həftə sonu da yolunuzu burdan sala bilərsiz. “Art Villa” Həsən Seyidbəyli, 1 ünvanında, Teleteatrla üzbəüz yerləşir.

“Payız palitrası” Əl işləri festivalı - PULSUZ
Daha bir pulsuz istirahət imkanı. “Payız palitrası” Əl işləri festivalı 14-15 oktyabrda saat 10-dan axşam 20-dək davam edəcək. Qeyd edək ki, festival həftənin cümə və şənbə günlərinə təsadüf edəcək. Rəngarəng əl işləri ilə tanış olmaq istəyirsinizsə, bu festivalda iştirak edə bilərsiz. Festivaldakı bütün işlərin satışı təşkil olunur. Festivalı ziyarət edənlər burada onları maraqlandıran yaradıcılıq dərnəklərinə də üzv ola bilərlər.

Şamaxı Pirqulu turu – 79 MANAT
Lakin havanın soyuqluğundan ehtiyat etməyən və məcara sevənlər üçün də turizm şirkətləri tərəfindən bölgələrə turlar təşkil olunur. «Online travel» şirkəti həftə sonu Şamaxıya iki günlük tur təşkil edir. Turun qiyməti 79 manatdır. Qiymətə səyahətin birinci günü 3 dəfə yemək, ikinci gün yalnız səhər yeməyi daxildir. Bundan əlavə bu məbləğə nəqliyyat xərci də daxildir. Gecəni isə tur iştirakçıları «Pirqulu» istirahət mərkəzində keçirəcəklər. Tura şənbə günü səhər 06:30-da N.Nərimanov metrosunun qarşısından başlanacaq.

Şəki -Signaxi turu – 32 MANAT
Həftəsonunu ən maraqlı və maksimum səmərəli keçirmək istəyənlər bir gün ərzində xarici ölkəyə də səfər edə bilərlər. Söhbət Gürcüstanın Tiflis və Siqnaxi şəhərlərinə təşkil olunan turlardan gedir. Turun təşkilatçısı Şəkidə fəaliyyət göstənən «Ruzgar Turizm» şirkətidir. Şirkətin məlumatına görə, Şəki-Siqnaxi turu səhər saat 7-dən başlayır. Yolüstü Zaqatalada «Qrata» hoteldə səhər yeməyi verilir (yeməklər 10-15 çeşiddədir).
Səyahət zamanı qonaqlar Siqnaxini gəzəcək, buradakı tarixi abidələr, o cümlədən, məşhur kilsə ilə tanış olacaqlar. Burada aksessuar və suvenir almaq, eləcə də evdə hazırlanan məşhur gürcü çaxırı almaq olar. Səfər saat 5-də başa çatır, qayıdanbaş Balakəndə çay süfrəsi və ya parkda gəzinti də ola bilər. Şəkinin özünə isə səyahətçilər ən geci saat 11-də çatırlar. Turun qiyməti adambaşına 32 manatdır. Qiymətə nəqliyyat, səhər yeməyi, avtobusda su və şirniyyat, fotosessiya və bələdçi xidmətləri də daxildir Nahar üçün əlavə 10-12 manat lazım olacaq.

Şəki –Tiflis turu – 36 MANAT
Tiflis turunda isə məsafə uzaq olduğuna görə, Şəkidən avtobus saat 6-da çıxır. Bu turda da yolüstü Zaqatalada «Qrata» hoteldə səhər yeməyi verilir (yeməklər 10-15 çeşiddədir). Tiflisdə səyahətçilər şəhərin məşhur və görməli yerlərini – Şarden və Old Tbilisi məhəlləsi, kanat, Sülh körpüsü, Mtatsmenta bağı və s.- gəzəcəklər. Tiflisə səyahət saat 19-20-də qurtarır. Həmin vaxt çıxan avtobus Şəkiyə gecə saat 12-də çatır.
Şəki-Tiflis turunda adambaşına qiymət 36 manatdır. Qiymətə nəqliyyat, səhər yeməyi, avtobusda su və şirniyyat, fotosessiya və bələdçi xidmətləri də daxildir. Nahar üçün əlavə 10-12 manat lazım olacaq. Məlumat üçün deyək ki, 100 manat 135 laridir.
Tura Bakıdan qoşulmaq istəyənlər isə Bakı-Şəki qatarı ilə gecə Şəkiya yola düşə bilərlər. Səhər isə tura qoşula biləcəklər. Qatarla Şəkiyə gəlmə həm gecə yola çıxmaxa, həm də gecə yatmağa imkan verəcək. Amma Şəkiya turdan əvvəl gələnlər üçündə şərait yaradılıb. Belə ki, gecəsinə 10 manat ödəməklə Şəkidə kənd evində qala bilərsiz.

«Şamaxı Palace» – 79 MANATDAN
Həftəsonu turizm şirkətləri ilə yanaşı, məşhur hotellərin təkliflərindən də yararlanmaq olar. «Şamaxı Palace»nin yeni təkliflərinə görə, burada iki nəfərlik gecələmə qiyməti 79 manata düşüb. Belə ki, 2 nəfər 79 manat (səhər yeməyi daxil), 2 nəfər 109 manat (səhər və günorta yeməyi), 2 nəfər 129 manat (səhər, günorta, axşam yeməyi daxil) qiymətə təkliflər var. Göstərilən qiymətlərə idman zalından və hovuzdan istifadə etmək də daxildir.

«Qalaaltı Hotel Spa 5*»- 135-150 MANAT
Şabrandakı «Qalaaltı Hotel Spa» 5 ulduzlu otel isə həftə sonuna öz təklifni verir. Burada həftə içi iki nəfərin bir günlük istirahəti 135 manat, şənbə-bazar günü isə 150 manatdır. Qiymətə gündə 3 dəfə yemək,açıq və qapalı hovuz, spa Aura, fitness mərkəzi, uşaqlar üçün əyləncə sahəsi daxildir. 1-6 yaş uşaqlar pulsuzdur.

Xalça muzeyi – 3 MANATDAN
Həmçinin həftə sonu həm şənbə həm də bazar günü işləyən Xalça muzeyinə gedə bilərsiz. Muzey axşam saat 21:00 kimi işləyir. Giriş pulludur - böyüklər 7 manat, tələbələr 3 manat, 6 yaşa qədər uşaqlar pulsuzdur

“Qobulənd”
Həftə sonunu hər cəhətdən səmərəli keçirmək istəyənlər isə Bakı ətrafındakı ən yaxşı piknik zonasına üz tuta bilərlər. Bakı-Şamaxı yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən piknik zonası “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. Bura ailəvi və qrup formasında istirahəti sevənlər üçün ən yaxşı variantdır.
Piknikin ərazisində 2 restoran və göl var. Amma istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada “özü bişirib özü yeyənlər” üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.
Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir. 3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir.
Piknik zonasında lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilər göldən balığı özləri də tuta bilər
Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən 10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları sürmək isə 10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.
«Qobulənd» istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan avtobuslarla gələ bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır