Azərbaycanda yeni turizm növləri və ekskursiya marşrutları hazırlanır
09 FEVRAL
306

Azərbaycanda yeni turizm növləri və ekskursiya marşrutları hazırlanır

Azərbaycanda turizmin perspektiv inkişaf strategiyasında ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. 

Turizm.fins.az  xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov qurumun bu gün keçirilən iclasında çıxışında bildirib.

"Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi üşün “Turizm haqqında” yeni qanun layihəsini hazırlayıb. Hazırda qanun lahiyəsi aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bundan başqa, 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strateqiyası hazırlanıb. Bu sahənin inkişafında turizm qurumları, o cümlədən Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl kənd Turizm Assosiasiyası və digər qurumlar mühüm rol oynayır", - AzTA başçısı söyləyib.

"Əlamətdar haldır ki, ölkəmizin, paytaxt Bakı da daxil olmaqla, əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Elə respublikada turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Yaxın gələcəkdə yeni turizm növlərini görəcəyik", - N.Bağırov əlavə edib.

Azərbaycanda yeni ekskursiya marşrutları və mövzuları işlənib hazırlanır.

"AzTA ölkədə ekskursiya bələdçilərinə təlabatı nəzərə alıb, öz nəzdində Bakı Ekskursiya Bürosu yaradıb. Respublikada turizm üzrə Strateji Yol Xəritəsi təsdiq olunub. Həmin sənədə görə, Azərbaycan 2020-ci ildə hədəflərə çatmalı və dünyanın aparıcı turizm ölkəsinə çevrilməlidir", - deyə o, qeyd edib. 

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Azərbaycana daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurası həyata keçirilir.

"Ölkənin turizm siyasəti kompleks xarakter daşıyır. Qısa müddətdə Azərbaycanın bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsinin yaradılması və müasir turist yerləşdirmə obyektlərinin istifadəyə verilməsi bunun təsdiqidir", - deyə o, əlavə edib. 

 

© Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır