Xorvatiyaya səfər – TURİSTLƏRİ NƏ GÖZLƏYİR?

27 OKTYABR 2016
1282
RÜSUM: 63 Manat
MALİYYƏ TƏLƏBİ: 297 Manat

“Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik”. Bu sözləri ölkəmizə səfəri zamanı Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bəyan edib. Bəs görəsən Azərbaycanlı turistlər bu ölkəyə maraq göstərirlərmi? Xorvatiyaya necə getmək olar? Fins.az Xorvatiya istirahət mərkəzləri baradə məlumatları təqdim edir. 

Azərbaycanın turizm şirkətləri Xorvatiyaya turlar təşkil edirlər. Belə şirkətlərdən biri olan «Atlas travel» şirkətinin nümayəndəsi Gülbahar Piriyeva bildirir ki, azərbaycanlılar Xorvatiyaya əsasən yayda üz tuturlar, amma birbaşa reys olmadığına görə, belələrinin sayı azdır. Qeyd edək ki, hazırda Azərbaycandan Xorvatiyaya uçmaq istəyənlər Moskva, Kiyev və İstanbuldan keçməklə bunu edə bilərlər. Bu üsulla Xorvatiyaya uçmaq 700-800 manatdır.

Viza tələb olunur – 297 manat

Xorvatiya səyahət etmək üçün azərbaycanlılar viza alınmalıdır.  Viza almaq üçün təqribən 297 manat ödənməlidir. Bunun  63 manatı viza haqqı, 54 manat sənədlərin qəbulu üçündür, 180 manat isə sənədlərin Türkiyəyə göndərilməsi üçün ödənilən karqo puludur.  Sənədləri Xorvatiyanın Azərbaycandakı konsulluğunun nəzdindəki Viza mərkəzinə təqdim etmək lazımdır, öz növbəsində konsulluq sənədləri Xorvatiyanın Ankaradakı nümayəndəliyinə göndərilir. Viza müraciətinə 21 gün ərzində cavab verilir.

Aşağıda qeyd olunanlar viza ödənişlərindən azaddırlar:

- Xorvatiya Respublikasının vətəndaşı olan ailə üzvləri (həyat yoldaşı və uşaqlar)

- Avropa İqtisadi Sahəsinin üzv dövlətlərin vətəndaşlarının ailə üzvləri,

- 12 yaşdan aşağı uşaqlar

- Diplomatik və xidməti pasportlara malik olan şəxslər işgüzar məqsədlə səyahət edərlərsə

- Şagirdlər, tələbələr, aspirantlar və onları təhsil,təlim zamanı müşayiət edən müəllimlər

- Avropa Parlamentinin icazəsi ilə Tədqiqat aparmaq məqsədilə Şengen ölkələrinə səyahət edən tədqiqatçılar

- Qeyri-hökümət təşkilatları tərəfindən təşkil edilən idman, mədəni və ya təhsil seminarlarındada,konfranslarda, tədbirlərdə iştirak edəcək 25 yaşına çatmamış qeyri- hökümət təşkilatlarının nümayəndələri

Aşağıda sadalanan şəxslər viza rüsumundan azaddırlar.

- Yaxın qohumları: həyat yoldaşı, uşaqlar  valideynləri (himayəçilər daxil olmaqla) nənələr və babalar və ya nəvələr

- Xorvatiya vətəndaşı olan şəxslər

- Rəsmi nümayəndə heyətlərinin üzvləri və rəsmi nümayəndə heyətlərinin daimi üzvləri daxil olmaqla, Xorvatiya Respublikasının ərazisində hökumətlərarası təşkilatların keçirilən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarda iştrirak edənlər

- Şagirdlər, tələbələr, aspirantlar və onları təlim və təhsil məsqsədi ilə ekskursiya, eləcə mübadilə proqramları və digər məktəb fəaliyyəti ilə bağlı tədbirlər təşkil edən müəllimlər 

- Əlillər və onları müşayiət edən şəxslər;

- Beynəlxalq idman tədbirlərin iştirakçıları və onları müşayiət edən şəxslər;

- Elmi, akademik, mədəniyyət və ya incəsənət tədbirlərdə, o cümlədən universitet və digər mübadilə proqramlarında iştirak edən şəxslər

- Humanitar əsaslar, təcili tibbi müalicə almaq üçün və ya yaxın qohumlarının cənazə mərasimində iştirak etmək, yaxud yaxın qohumu ağır xəstə olan şəxsləri ziyarət etdikdə

- Qeyri-hökümət təşkilatlarının nümayəndələri təhsil təlimləri, seminarlar, konfranslarda iştirak, o cümlədən mübadilə proqramları çərçivəsində səfər etdikdə;

- Təqaüdçülər

- Jurnalistlər və onları müşayiət edən texniki heyət.

Xorvatiyanın pul vahidi

Xorvatiyanın pul vahidi xorvat kunasıdır (HRK).  100 kuna təqribən 14 ABŞ dollardır. 

Xorvatiyanın gəzməli yerləri

Xorvatiyanın istirahət mərkəzlərinə gəlincə isə bu ölkədə əsasən liman şəhəri olan Dubrovnik və paytaxt Zaqrebə turistlərin üstünlük verdiyi bilidirilir. Elə istirahət mərkəzlərinin əksərriyəti də bu şəhərlərdə cəmlənib. 

Xorvatiyada istirahət mərkəzləri

Xorvatiyda istirahətin ən üstün cəhətlərindən biri bu ölkənin şəhərlərinin və bütün istirahət mərkəzlərinin təbiətlə vəhdət təşkil etməsidir. Burada təmiz suyu ilə seçilən dəniz kənarı istirahət mərkəzləri, həmçinin müalicəvi mineral sulardan ibarət istirahət mərkəzləri var. Xorvatiya Avropada yeganə ölkədir ki, müalicəvi nefti var. Bu xüsusiyyət Xorvatiyanı Avropada birinci etsə də, dünyada bu sıralamada ikincidir. Çünki birinci yerdə Azərbaycanın Naftalan nefti qərarlaşır. Ümumilikdə, Xorvatiyada 20 müalicəvi sular və neftlə müalicə mərkəzləri var. Qarşıdan qış mövsümü gəldiyindən oxuculara Xorvatiyada  soyuq aylarda istirahət edə biləcək yerləri təqdim edirik.

Xorvatiyanın paytaxtı – Zaqreb

Şəhər öz qədimliyi ilə seçilir. Zaqrebdə çoxlu sayda qədimi tikililər yerləşir. Şəhərdə qədimi qalalar və saraylar var. Bütün bu gözəllikləri görmək üçün turistlərə şəhəri piyada gəzmək tövsiyyə olunur.

Xorvatiya istirahət mərkəzləri

Ən məşhur istirahət mərkəzlərindən biri Cənubi Dalmaçiya istirahət mərkəzidir. İstirahət mərkəzi dağlardan və adalardan ibarət ərazidə yerləşir. Dalmaçiya həm də özünün məşhur Dinqaç şərabə ilə tanınır. Bu istirahət mərkəzində yerləşən Dubrovnik şəhəri YUNESKO-ya görə renasans dövrünün bütün dünyada 3 ən gözəl şəhərlərindən biridir. Digər iki şəhər isə Venesiya və Amsterdam hesab olunur.

Dağ kurortu - Sleme

Xorvatiya dağ istirahət kompleksləri heç də Avstriya və İsveçrədəkindən geri qalmır. Əksinə, burada qiymələr daha sərfəlidir. Zaqreb şəhərindən 10 kilometr aralıda Sleme dağ turizm mərkəzi yerləşir. Xizək sürənlər üçün enişlər burada daha maillidir ki, bu da yeni başlayan idmançılar üçün daha əlverişlidir. Həmçinin xizəkçilər üçün 4 zolaq var ki, bunlardan ən çətini də “Qırmızı zolaq” adlanır. Hər il bu zolaqda  beynəlxalq  “Snow Queen Trophy” yarışı keçirilir. Təbii qar bu ərazilərdə 100 gün qalır. Ən çox qar fevralda olur.

Platak istirahət mərkəzi

Platak istirahət mərkəzinin ən üstün cəhətlərindən biri Adriatik dənizinə yüksəklikdən baxa bilmək şansıdır. İstirahət mərkəzi liman şəhəri Rijekadan 25 kilometr aralıda yerləşir. Dağ istirahət mərkəzinin ən hündür zirvəsi 1363 metrdir. Buradan siz Adriatik dənizinə və Krk, Çres və Loşin adalarına tamaşa edə bilərsiz. Burada həmçinin artıq bir neçə ildir ki, snoubord məktəbi fəaliyyət göstərir.  Ski-Pass-la - 130 HRK (Xorvatiya Kunası)ödəməklə gün ərzində bütün xizəklərdən və kanatlardan istifadə edə bilərsiz. Uşaqlar üçün isə 10 HRK  ödənməlidir. Ski-Pass xizəklərdən və kanatlardan istifadə edə bilmək üçün istifadə olunan kartdır.

Tax Free

Azərbaycanda olduğu kimi Xorvatiyada da «Tax Free» var. Yəni səyahətçilər burada bazarlığa sərf etdikləri vəsaitin 20%-ni Zaqreb hava limanında geri ala biləcəklər. 

Xorvatiyada otellər

Xorvatiya tanınmış turizm mərkəzidir. Burada əksər otellər 3 və 4ulduzludur. Bəzi otellərdə qiymətə şam yeməyi də daxil edilir. Otellərdə qiymətlər ulduz sayından asılı olaraq 60-300 dollar arasındadır. Hostellərdə isə gecəsi 10 dollardan qalmaq olar. Turistlərin sıx vaxtında otellərdə qiymət artır. Zaqreb və Dubrovnik istisna olmaqla Xorvatiyanın digər şəhərlərində otellərdə qiymətlər bir qədər ucuz olur.

Otel Neptun -4*- 2 nəfərlik 1 otaq 1gün 69 dollar (Dubrovnik şəhərində)

Villa Glaviç -5*-2 nəfərlik 1 otaq 1 gün  143 dollar (Dubrovnik şəhərində)

Best Western Premier Hotel Astoria – 4*  2 nəfərlik 1 otaq 96 dollar (Zaqreb şəhərində)

Sheraton Zagreb Hotel – 5* 2 nəfərlik 1 otaq 115 dollar (Zaqreb şəhərində)                    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır