Bu ölkədə xarici turistlərin barmaq izləri götürüləcək
24 MAY 2016
163

Bu ölkədə xarici turistlərin barmaq izləri götürüləcək

Tezliklə Yaponiyaya xaricdən gələn turistlərə yalnız barmaq izini qeydiyyatdan keçirməklə mehmanxanalarda yerləşmək təklif olunacaq.

Yaponiya hökumətinin özəl şirkətlə birlikdə reallaşdırmaq istədiyi layihənin məqsədi mehmanxanalara qeydiyyat zamanı insanların vaxt itkisinin və narahatlığının qarşısını almaqdır.

Yeni sistemin sınağına gələn ay Tokiodakı mehmanxanalardan birində başlanılacaq. Bunun üçün turistlər əvvəlcədən öz barmaq izlərini qeydiyyatdan keçirməlidirlər. Bu, onların şəxsiyyətini dərhal müəyyən etməyə imkan yaradacaq.

Yaponiya Sənaye Nazirliyinin nümayəndələri ümid edirlər ki, yeni sistemdən 2020-ci ildə Tokioda Yay Olimpiya və Paralimpiya Oyunları keçirilərkən tam istifadə etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır