Tiflisdəki otellər Bakıdan baha imiş - ARAŞDIRMA
01 İYUN 2016
775

Tiflisdəki otellər Bakıdan baha imiş - ARAŞDIRMA

Bu günlərdə “Mədəniyyət” qəzeti tərəfindən Bakı və Tbilisi şəhərlərindəki mehmanxanalar arasında araşdırma aparılıb.

Fins.az xəbər verir ki, booking.com onlayn bronlaşdırma platforması üzərindən aparılan müqayisəli təhlillər, Bakıda fəaliyyət göstərən mehmanxanaların orta qiymətlərinin, Tbilisi şəhərindəki mehmanxanaların təqdim etdiyi orta qiymətlərdən təhlilin aparıldığı aylar üzrə daha aşağı olduğunu göstərib.

Sözügedən araşdırmada, hər iki şəhərdə fəaliyyət göstərən 2-5 ulduz kateqoriyalı mehmanxanaların 2016-cı ilin may, iyun, iyul və avqust aylarında təsadüfi olaraq seçilmiş tarixlər üzrə təqdim etdiyi 2 nəfərlik standart otaqlarda 3 gecəlik orta qiymətlər müqayisə edilib.

Qeyd edilən bütün aylar ərzində 2, 4 və 5 ulduzlu mehmanxanalar üzrə Bakı şəhərində təqdim edilən otaq qiymətləri, Tbilisi şəhərindəki qiymətlərdən daha aşağı olub.

Müqayisə üçün bildirək ki, cari ilin iyun ayında Bakı şəhərindəki 2 ulduzlu mehmanxanalarda 2 nəfərlik standart otaq qiymətləri 70-90 ABŞ dolları (3 gecə üçün) arasında dəyişdiyi halda, bu göstəricilər üzrə Tbilisi şəhərindəki qiymətlər 95- 245 ABŞ dolları arasında dəyişir.

Digər tərəfdən, cari ilin may ayı ərzində Bakı şəhərində 4 ulduzlu mehmanxanalarda təqdim edilən qiymət intervalı 64-401 ABŞ dolları (3 gecə üçün), 5 ulduzlu mehmanxanalarda isə 191-926 ABŞdolları (3 gecə üçün) arasında göstərilir. Tbilisi şəhərində isə bu qiymətlər intervalı 4 ulduzlu mehmanxanalar üçün 218-728 ABŞ dolları, 5 ulduzlu mehmanxanalar üçün isə 752-1253 ABŞ dolları təşkil edir.

Məlumat üçün bildirək ki, qeyd edilən 4 ay üzrə yerləşdirmə tarixlərini, qonaqların qalma müddətini və sayını, eləcə də otaq növünü dəyişdirdikdə, analoji vəziyyət müşahidə edilmiş və Bakı şəhərindəki 2, 4 və 5 ulduzlu mehmanxanalarda təqdim edilən qiymətlər, Tbilisi şəhərində təqdim edilən qiymətlərdən daha aşağı olub.

Ümumiyyətlə, araşdırma nəticəsində əldə edilən müqayisəli göstəricilər, Bakı şəhərindəki mehmanxanalar üzrə təqdim edilən qiymətlərin Tbilisi şəhərində təqdim qiymətlərdən 2 ulduz kateqoriyası üzrə ortalama 35%, 4 ulduz kateqoriyası üzrə 44%, 5 ulduz kateqoriyası üzrə isə 59% daha aşağı olduğunu göstərib.

Qeyd edək ki, Bakı şəhəri üzrə təhlildə qeyd edilən mehmanxanaların ulduz kateqoriyaları “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan Dövlət Standartına uyğun deyil, booking.com onlayn bronlaşdırma platformasının təqdim etdiyi ulduz kateqoriyasına əsasən müəyyən edilib.

Xatırladırıq ki, booking.com onlayn bronlaşdırma platforması üzərindən aparılan əməliyyatların intensiv olduğu üçün, yuxarıda qeyd edilən qiymətlər 27.05.2016-cı il tarixinədək keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır