«AZAL» arzuolunmaz sərnişinlərin – SİYAHISINI AÇIQLADI
01 İYUL 2016
475

«AZAL» arzuolunmaz sərnişinlərin – SİYAHISINI AÇIQLADI

Azərbaycan Hava Yolları (AZAL) şirkəti arzuolunmaz sərnişinlərinin siyahısını açıqlayıb. Fins.az xəbər verir ki, bu barədə məlumatlar şirkətin rəsmi  internet səhifəsində yerləşdirilib. 

Həmin siyahıda olub-olmadığını dəqiqləşdirmək istəyən vətəndaşlar saytdakı xüsusi  bölməyə ad-soyadlarınıp və şəxsiyyət vəsiqəsinin nömrəsini  daxil etməlidir. Əgər adınız siyahıda varsa, hansı səbəbdən adınızın bura daxil edilməsi barədə məlumat əlavə ala bilərsiz. Heç bir informasiya tapılmasa, deməli siz rahatlıqla  AZAL-la uça bilərsiz.

Siyahıda neçə nəfər var? 

AZAL-ın mətbuat xidmətindən aldığımız   məlumata görə, bu günədək   şirkətin arzuolunmaz sərnişinlər  siyahısında 82 nəfər daxil edilib. Bunlar qaydaları pozanlardır:  «Sərnişinlər aviasiya təhlükəsizliyinin müəyyən olunmuş normaları, qaydaları və tələblərini pozduğu halda məsuliyyət daşıyır. Təyyarənin bortunda sərnişinin davranışı digər sərnişinlər, əşyalar, təyyarə və ya onun ekipajı üçün təhlükə törətməməlidir». 

“AZAL”-ın müəyyən etdiyi təhlükəsizlik qaydalarına görə, uçuş zamanı hava gəmisində sərnişinlərə siqaret çəkmək, göyərtədə sərxoş vəziyyətdə olmaq, təyyarənin qalxması və enişi zamanı elektron vasitələrdən istifadə etmək qadağandır. Telefon cihazından yalnız uçuş rejimini aktivləşdirdikdə istifadə etmək mümkündür.

Sərnişinlər  məhkəmədə  cərimə oluna bilər 

“AZAL" qaydaları pozan şəxslərin uçot və monitorinq sistemini tətbiq edir. Belə şəxslər, qanun pozanın hərəkətinin ictimaiyyət üçün təhlükə səviyyəsini nəzərə almaqla, 3 ay və artıq müddətə “Arzuolunmaz sərnişinlər siyahısına” daxil edilir. 

Qanunu pozan barəsində məlumatların “Arzuolunmaz sərnişinlər siyahısına” daxil edilməsindən başqa aviaşirkət məhkəmə qaydasında cinayətkardan onun qeyri-qanuni hərəkətləri nəticəsində aviaşirkətə dəyən bütün xərclərin ödənilməsini tələb etmək hüququnu özündə saxlayır.

Bu qaydaları pozanda arzuolunmaz sərnişin olursuz.

Uçuş zamanı hava gəmisində sərnişinlərin rəftar qaydalarının pozulması dedikdə aşağıdakılar başa düşülür: 

- aviaşirkət tərəfindən müəyyən olunmuş qaydaların pozulması (siqaret çəkmək, elektron vasitələrdən və sairdən istifadə etmək) 

- heyət üzlərinə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək və ya heyət üzvlərinin öz vəzifə borclarını yerinə yetirməsinə əngəl yaratmaq və ya heyət üzvünün öz vəzifəsini yerinə yetirmək qabiliyyətini azaltmaq; 

- başqa sərnişinlərə hücum etmək (fiziki güc tətbiq etməklə), qorxutmaq və hədə qorxu gəlmək; 

- hava gəmisinin personalının və ya heyətinin aviasiya təhlükəsizliyi norma və qaydalarına riayət olunmasına dair tələblərindən imtina etmək; 

- orqanizmin zəhərlənməsinə gətirib çıxaran narkotiklərdən və ya həddən artıq alkoqol içkilərdən istifadə etmək;

- xuliqanlıq hərəkətləri, söyüş, şifahi olaraq təhqir etmək və sair;

- yaşlı və ya yeniyetmə sərnişinləri təhqir etmək və ya zorakılıq tətbiq etmək (hərəkət); 

- hava gəmisinin əmlakının və ya avadanlığının qəsdən (düşünülmüş şəkildə) korlanması (məhv edilməsi) və ya sıradan çıxarılması; 

- başqa pozma halları (icazəsiz siqaret çəkmək, elektron qurğulardan icazəsiz istifadə etmək, sərnişin terminalını və ya hava gəmisini tərk etməkdən imtina və sair.) 

- uçuşların təhlükəsizliyinə təhlükə yaradan və buna görə Azərbaycan Respublikasının cinayət qanunlarına görə məsuliyyətə cəlb olunması nəzərdə tutulan cinayət tərkibli istənilən başqa hərəkət. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır