«Burada hava da pulludur» - AVİAŞİRKƏTLƏRİN KAPRİZLƏRİ
28 İYUL 2016
403

«Burada hava da pulludur» - AVİAŞİRKƏTLƏRİN KAPRİZLƏRİ

İnanılmaz dərəcədə ucuz qiymətlər, adamı cəlb edən səyahət təkliflər və daha nələr… Ucuz qiymətə işləyən (loukoster) avişirkətlər son illər təyyarə ilə uçmağın bahalığı barədə təsəvvürlərimizi alt-üst edib. Cəmi 50-60 dollara dünyanın az qala o başına uça biliriksə, hansı bahalıqdan danışmaq olar?! Amma ucuzluğun o biri üzü də var. Loukosterlər müştəriləri təkcə aşağı qiymətlərlə yox, həm də qeyri-adi, bəzən ağla sığışmayan  qaydaları və qadağaları ilə təəccübləndirirlər. Belə qadağalar aşağı büdcəli şirkətlərin demək olar ki, hamısında var.

Fins.az Seyyah.az-a istinadən loukosterlərin xəsislikləri və əlavə xidmətlərdən qazanmaq istəyinə görə, düşdükləri qalmaqalları təqdim edir.

«Pobeda» şirkətindən əl çantalarına qadağa

İyulun 20-də Rusiyanın «Pobeda» loukosteri elan etdi ki, əgər əl çantası ilə bağlı məhkəmə prosesini uduzsa, bütün istiqamətlərdə uçuşlarının qiymətini 30% qaldıracaq. Bir qədər əvvəl şirkət təyyarəyə əl çantası ilə gələn xanımdan əlavə ödəniş tələb edib. Bununla bağlı mübahisə böyüyərək «Pobeda» ilə Rusiyanın Nəqliyyat Daşımalarına Nəzarət Xidməti arasında məhkəmə çəkişməsinə çevrilib. Sərnişinlər əlbətt ki, «Pobeda»nın uduzmağını istəyirdilər, amma bundan sevinməyə macal tapmamış şirkət elan etdi ki, uduzacağı təqdirdə minimum uçuş tarifini (hazırda 999 rubl təşkil edir) 2 dəfə artıracaq, digər biletlər də azı 1000 rubl bahalaşacaq. 

Saqqız çeynəmək də olmaz

Amma şirkət müştəriləri təkcə çantalarla əsəbiləşdirmir. «Pobeda» ən sərt qaydalarından biri təyyarədə saqqız çeynəməyə qoyulan qadağadır. Şirkət bunu sərnişinlərin mədəniyyətsizliyi və təmizlik işlərinə çəkilən xərclərin artımı  ilə izah edir. «Pobeda»nın direktoru Andrey Kalmıkov bildirir ki: «Bir saqqızı yapışdırıldığı yerdən qopardıb avadanlığı normal vəziyyətinə gətirmək üçün bəzən 100 mpin rubla qədər vəsait xərclənir».

«Qonşu kresloya keçmək pulludur»

Rusiya şirkətinin digər qadağası isə az qala bütün uşaqlı ailələri ona qarşı qaldırıb. Söhbət sərnişinlərin qonşu boş kreslolara keçməsindən gedir.

Bir qədər əvvəl, iyulun əvvəlində «Pobeda»nın təyyarəsində uşaqlı ailə səyahət edərkən, ayrı-ayrı yerlərdə yerləşmiş ailə üzvləri təyyarədə boş yerlərin olmasından istifadə edərək birgə əyləşmişdilər. Amma təyyarənin ekipajı onların yer seçmək xidmətindən istifadə etmədiklərini əsas gətirərək onlara birgə oturmağı qadağan etmişdi. Məsələ bundadır ki, şirkətin qaydalarına əsasən yer seçmək üçün əlavə ödəniş etmək lazımdır, gənc ailə isə belə bir xidməti ödəməmişdi. Əlbəttə ki. ailə üzvləri axıradək bir yerdə oturdular. Amma təyyarədən düşəndə onları polis gözləyirdi. Nəticədə uçuşdan sonra hava limanında ailəni təcili çağırılmış polis dəstəsi gözləyirdi.

«Pobeda»nın reyslərində yol yoldaşı ilə yan-yana oturmaq üçün də əlavə ödəniş etmək lazımdır. Bunun üçün hər iki biletin sahibi əlavə 19 rubl ödəməlidir. 

«Ryanair» - tualetdən pula istifadə

Qidalanmaya, yer seçiminə və onlayn-qeydiyyata tələb olunan əlavə ödənişlərdən savayı, İrlandiyaya məxsus «Ryanair» loukoster şirkəti xüsusi xidmətlərə görə də əlavə pul alır. Misal üçün sərnişin balaca uşaqla uçduğu halda yenə də əlavə ödəniş etməlidir. 2011-ci ildə Sərnişin hüquqları üzrə Avropa Komissiyası uçuşları gecikən sərnişinləri pulsuz qida ilə təmin etməyi məcbur etdi. «Ryanair» dərhal bunun maliyyə hissəsini sərnişinlərin üzərinə qoydu. Mövcud bütün tariflər 2 funt bahalaşdı.

«Ryanair» şirkətinin təsisçisi Maykl O`liri qara PR-dan qorxmur və tez-tez KİV nümayəndələri ilə özünün qənaət planları ilə bölüşür. 2009-cu ildə BBC-yə verdiyi müsahibədə O`liri bildirdi ki, uçuş zamanı tualetdən istifadə edən sərnişinlərdən əlavə 1 funt tutulacaq. Növbəti il isə onun planında təyyarədəki iki tualet otağından birini ləğv edərək, onun yerində əlavə oturacaqların quraşdırılması var idi. Doğrudur, onun dediklərinin heç biri reallaşmadı, ancaq sərnişinlər daima «Ryanair»in xidmətindən şikayətlənirlər. 

«İyrənc şöhrətə layiq» şirkət

Elə belə hərəkətlərinə görə, «Economist» jurnalı «Ryanair»i «iyrənc şöhrətə layiq» adlandırıb.  2002-ci ildə aviaşirkət əlil sərnişinə təkərli-kürsü təqdim etməkdən imtina etdi və buna görə 2 illik məhkəmə prosesinə qoşuldu. Nəhayət 2004-cü ildə məhkəm sərnişinin lehinə qərar verərək, şirkəti ümum xərclərinin bir hissəsini təkərli-kürsülərin alınması sərf etməyə məcbur etdi. Buna cavab olaraq «Ryanair» bütün biletlərinin qiymətini yarım funt artırdı. 2012-ci ildə loukoster bağırsağında cərrahiyyə əməliyyatı keçirmiş qadına, ona zəruri olan tibb cihazları təyyarəyə keçirməyi də qadağan etmişdi. 

«Spirit» - suyu da pulla satır

2016-cı ilin Aprelində “ACSI”  tədqiqat agentliyi sərnişinlərin fikirlərinə görə ABŞ-ın ən yaxşı və ən pis aviaşirkətini müəyyən etdi. Sorğu nəticəsində ən pis avişirkət adına 62 balla «Spirit» loukosteri layiq görüldü. Bu şirkətin sərnişinlərin narazılıqları uçuş şəraiti ilə yox, hədsiz sayda əlavə ödənişli xidmətlərlə bağlı idi.

«Spirit» bir dənədən artıq əl çantasının keçirilməsinə, uçuş biletinin hava limanında çap edilməsinə və hətta uçuş zamanı su verilməsinə görə əlavə pul alır. Bunlar azmış kimi loukosterdə biletin geri qaytarılması xidməti də nəzərdə tutulmayıb.

«Wizzair» - hamilələrin «düşməni»

Bakıdan bir qədər əvvəl uçuşa başlamı Macarıstanın «Wizzair» şirkətini əksəriyyət Budapeştə ucuz uçuş variantı sayır. Amma çoxları «Wizzair»in əsəbiləşdirici qaydalarından xəbərsizdir. Belə ki, şirkət hətta 2 yaşına qədər olan uşaqlara görə 27 avro məbləğində əlavə ödəniş götürür. Amma bu zaman sərnişin pulsuz olaraq, əlavə bir baqaj yeri əladə edir. Bundan əlavə əgər uşağın uçuş zamanı 2 yaşı tamam olsa, onun üçün ayrıca oturacaq və baqaj yerini ödəmək lazımdır. Hər bir sərnişin uçuşa ancaq bir azyaşlı uşaq götürə bilər. Eyni zamanda «Wizzair» hamiləlik müddəti 35 həftə olan qadınlara da uçmağa icazə vermir. 2015-ci ildə aviaşirkət bütün baqaj növlərinin daşınması qiymətini 20% artırıb. 

«AirBaltic» - çörəyi xizəklərdən çıxır

«AirBaltic»-in əsas istiqamətləri Norveç, İsveç və Finlandiyadır və buna görə loukosterlə xizəkçilər və snoubordistlər tez-tez uçurlar. «AirBaltic»in «çörəyi» də belə sərnişinlərdən çıxır. Belə ki, şirkətin biletlərinin qiyməti çox ucuz olmağına baxmayaraq, demək olar ki, bilet qiymətinin 3/1 hissəsini əlavə olaraq dağ-xizək avadanlığının daşınması üçün ödəmək lazım olacaq. Halbuki, «Agroflot», «AirBerlin», «Lufthansa» və başqa böyük aviaşirkətlər bu kimi avadanlığı pulsuz daşıyır.

Loukosterlə bağlı ən böyük qalmaqal 2015-ci ildə Norveçdə baş verib. Norveç polisi təyyarə kapitanı və daha 3 ekipaj üzvünü sərxoş olduqlarına görə ucuşdan bir qədər öncə saxlamışdı. Bu hadisədən sonra bütün ekipaj üzvləri uçuşdan kənarlaşdırıldı, kapitan isə cinayət məsuliyyətinə cəlb olundu. 

«Iceland Express» - qulaqlığı da pula satır

İslandiyanın loukosteri olan “Iceland Express” qarşı narazılıq onun bir çox pullu xidmətlərinin olmasındandır. Təyyarədə yeməkdən əlavə hətta qulaqcıqlar da pulla satılır. 2010-cu ildən loukoster sərnişinlərinə iPad-dən istifadə etmək təklif edir. Onun kirayəsi üçün təqribi əlavə 13 dollar ödəmək gərəkir. 

Oxunub: 33

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır