Ərəb turistlər niyə Azərbaycana axın edir? - SƏBƏB
11 AVQUST 2016
424

Ərəb turistlər niyə Azərbaycana axın edir? - SƏBƏB

Azərbaycana gələn əcnəbilərin viza alması  qaydalarının sadələşdirilməsi turist axınına müsbət təsir edib. Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən xəbərə görə, nəticədə Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrdən ölkəmizə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.

Bildiriıib ki, Körfəz ölkələrinə münasibətdə viza rejiminin sadələşdirilməsi bu istiqamətdə görülən işlərin son illər daha uğurlu nəticələnməsinə təkan verib.

Müqayisə üçün bildirilir ki, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 10 086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarımili ərzində 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.

Bununla yanaşı, Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqda qeydə alınıb. Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən (376 nəfər) 30 dəfə çoxdur.

2016-cı ilin birinci yarımili ərzində Ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə (3158 nəfər) təxminən 22 min nəfər (8 dəfə) çoxdur.

Beləliklə, işgüzar əlaqələri təşviq etmək və turist səfərlərini artırmaq məqsədilə son illərdə ölkəmizdə həyata keçirilən viza rəsmiləşdirilməsinə dair islahatlar, eləcə də hədəf bazarlar üzrə Azərbaycanın müsbət turizm imicinin yaradılması istiqamətində aparılan məqsədyönlü tədbirlər Ərəb ölkələri arasında Azərbaycanın prioritet turizm mərkəzlərindən birinə çevrilməsinə öz müsbət töhfəsini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır