Ölkəmizə gələn ərəblərin sayı bir ildə 100 dəfə artıb – RƏSMİ AÇIQLAMA
18 AVQUST 2016
371

Ölkəmizə gələn ərəblərin sayı bir ildə 100 dəfə artıb – RƏSMİ AÇIQLAMA

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. Mədəniyyət və Turizm Nazirliyindən fins.az-a verilən məlumata görə, təkcə cari ilin iyul ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur. 

Bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.

Belə ki, aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanmış və həmin ildən etibarən sözügedən ölkədə Nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır