Sumqayıtın kurort şəhərinə çevrilmək perspektivi
19 AVQUST 2016
434

Sumqayıtın kurort şəhərinə çevrilmək perspektivi

Xəzər dənizinin qərb sahillərində yerləşən Sumqayıt SSRİ dövründə sənaye və metallurgiya şəhəri kimi tanınırdı. Artıq Sumqayıt sakinləri bir zamanlar “ölü şəhər” statusu alan bu diyarın yaxın gələcəkdə turizm şəhərinə çevrilməyə böyük şansları olduğuna inanırlar. Telman Mustafazadə "Azərbaycan" qəzetinin 19.08.2016-cı cı il tarixli sayında müəllifi olduğu "Sumqayıt görkəmini yeniləşdirərək daha gözəl və müasir olur" başlıqlı məqalədə şəhərdə aparılan işlər geniş əks etdirilib. Bu məqaləyə əsasən, Sumqayıtın 5 ən cəzbedici məkanlarından danışmaq istəyərdik.

 

Çimərlik

İlk növbədə indiki zamanda Sumqayıt Azərbaycanın yeganə şəhəridir ki, burada Braziliya seriallarındakı gördüyümüz mənzərəni seyr edə bilərik. Yəni, yaşayış binalarının və şəhər mərkəzinin tam önündə olan çimərlik. O seriallara baxarkən hansımız "sübh tezdən dənizdə çimib, ondan sonra gündəlik işlərimizlə məşğul olardıq", kimi fikirlər ağlına gəlməyibki?

Park

Sumqayıtın vizit kartı, şübhəsiz ki, onun gözəl, əsrarəngiz Nəsimi parkıdır. Ötən əsrin 2-ci yarısından salınan park bütövlükdə yaşıllığa bürünmüşdür. Bura şəhər mərkəzində olan sivil meşəyə bənzəyir.

Parkın mərkəzində Sovet dövründə tikilmiş və Sumqayıtın simvolu olan "Sülh Göyərçini” abidəsi ucalır. Abidənin ətrafından şəhərin və dənizin gözəl mənzərəsi açılır. 

Bulvar

Sumqayıt bulvarının ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışı onu Bakı bulvarından fərqləndirir. Burada hələ işlər tam bitməyib. Lakin şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də burada eni üç metr olan xüsusi hərəkət zolağı salınır.

Bununla yanaşı, bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. 

Qədim tarix diyarı

Sumqayıt şəhərinin tarixi 1950-ci illərdən başlamasına baxmayaraq, qədimi tarixə malik olan Corat qəsəbəsi Sumqayıtın daxilindədir. Bəzi məlumatlara görə, Corat qəsəbəsinin tarixi eramızdan əvvəl III, IV minilliklərə gedib çıxır. Corat ərazisində həm də bir çox abidələr var(mış). Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf ki, bu abidələrin bəziləri artıq yoxdur. Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş "qardaş"larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir. Tarixi-memarlıq abidələri kimi Corat qəbiristanlığındakı "sandıq" qəbirləri, XVI əsrə aid hamam, XVII əsrə aid qəsəbənin daxilindəki hamam və hamamı su ilə təmin edən quyu, XVII əsrə aid məscid, min illik tarixi olan qədim məscid, Şah Abbas karvansarasının qalıqlarını, kənddəki pirləri göstərmək olar.

Burada da yavaş-yavaş abadlaşdırma işləri aparılır və gün o gün gələcək ki, Sumqayıtın ən qədim hissəsi olaraq tarixi turizm məkanına çevriləcək. 

Mədəniyyət

Şəhər qonaqları üçün Sumqayıtda bir çox incəsənət obyektləri, Rəsm qalereyası, muzeylər, mədəniyyət mərkəzləri, Sumqayıt Musiqili Dram Teatrı və s. mövcuddur. Teatr binası da hal-hazırda restavrasiya işləri gedir. Teatr   binası istər daxilən,istər xaricən  özünəməxsus memarlıq üslubu  ilə fərqlənir. Qeyd edək ki, bir çox məhşur Azərbaycan xalq və əməkdar artistləri karyeralarına məhz bu teatrda başlayıblar.

Bunu da əlavə edək ki, bu yaydan etibarən Sumqayıtda şəhərin daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlara səyahət turları təşkil edilib. Turlar ikimərtəbəli səyahət avtobusları ilə həyata keçirilir. Şəhərdaxili turların qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyənləşdirilib. Şəhid ailələrinə xidmət pulsuzdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır