Parisin turizm sektoru böyük zərərə düşüb
23 AVQUST 2016
459

Parisin turizm sektoru böyük zərərə düşüb

Terror aktları, daşqınlar və tətillər səbəbindən Fransanın paytaxt İl-de-Frans regionunun turizm sektoruna dəyən zərər ilin birinci yarısında təxminən 750 milyon avroya çatıb.

Fins.az xəbər verir ki, 2015-ci ilin ilk yarısı ilə müqayisədə regionda turistlərin sayında 6,4 faiz azalma müşahidə olunub.

Regional Turizm Komitəsinin prezidenti Frederik Valletunun sözlərinə görə, İl-de-Frans regionunun turizm sahəsində 500 min nəfər işləyir. Sektorda iş yerlərinin qorunması üçün irimiqyaslı investisiyalara ehtiyac var. Valletu Fransanın xarici işlər naziri Jan-Marku Eyrodan regionun turizm sahəsinin rəsmi nümayəndələri ilə görüş keçirməsini xahiş edib.

Xatırladaq ki, keçən ilin noyabrında bir-biri ilə əlaqəli üç silahlı qrup Parisdə və yaxınlıqda yerləşən Sen-Deni şəhərində silsilə terror aktları törətmişdi. Hadisə nəticəsində 130 nəfər həlak olmuş, 350 nəfərdən çox insan isə yaralanmışdı. 2016-cı ilin iyulunda isə yük maşını sürücüsünün avtomobilini Nitsa şəhərində “Bastiliyanın alınması günü” münasibəti ilə atəşfəşanlığa tamaşa edən kütlənin üzərinə sürməsi 85 nəfərin ölümü ilə nəticələnmişdi.

Bu dəhşətli terror aktları ilə yanaşı, əmək qanunvericiliyində mübahisəli islahatlara qarşı kütləvi tətillər və iyun ayında baş verən daşqınlar da turizm sektoruna nəzərə çarpacaq dərəcədə mənfi təsir göstərib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır