Irana yeni aviareyslər açıla bilər -AÇIQLAMA
08 SENTYABR 2016
505

Irana yeni aviareyslər açıla bilər -AÇIQLAMA

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayinlə görüşüb.

Fins.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, görüşdə iki ölkə arasında son dörd il ərzində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkə rəhbərləri arasında olan əlaqələr xalqlar arasındakı münasibətlərə öz töhfəsini verib.

Ə.Qarayev iki ölkə arasında həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, son illər Azərbaycanda İran turistlərinin sayının kifayət qədər artdığını bildirib. Bu amilin Azərbaycan və İran turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına şərait yaratdığını qeyd edib.

Görüş zamanı cari ildə İranda təşkil olunacaq Azərbaycan Mədəniyyət günləri haqqında da müzakirələr aparılıb. Qeyd olunub ki, yaxın günlərdə Azərbaycan nümayəndə heyəti tədbirin keçiriləcəyi şəhərlərdə infrastrukturla tanışlıq məqsədilə İrana səfər edəcək.

İran səfiri qeyd edib ki, hazırda İrandan Azərbaycana ay ərzində 18 təyyarə reysi həyata keçirilir və turistərin artan marağını nəzərə alaraq reyslərin sayının artırılması zərurəti yaranıb.

Nazir son günlərdə ölkə başçısı tərəfindən turizm sahəsində imzalanan sərəncamların turizmin inkişafına təkan verəcəyini bildirib və bu istiqamətdə həyata keçiriləcək tədbirlərin İran turistlərin Azərbaycana gəlməsi üçün imkanlarının genişləndirəcəyini əminliklə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır