Şopping festivallardan milyonlar qazana bilərik – EKSPERT
30 SENTYABR 2016
1125

Şopping festivallardan milyonlar qazana bilərik – EKSPERT

Bu günlərdə ölkəmizdə  turizmlə bağlı ən maraqlı xəbərlərdən biri də Şopping fetivalla bağlıdır. DAİR Otellər və Restoranlar Assosasiyası 2017-ci il mayın 4-də Bakıda Şopping Festivalının keçirilməsi təşəbbüsü ilə çıxış edib. 

Fonddan 400 min manat ayrılıb

Fins.az bildirir ki, bu il  Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı şəhərində “Ticarət festivalı”nın keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə  400 min manat ayrılıb.

Həmçinin bu sahənin inkişafı üçün əlverişli şərait də yaradılıb. Hələ iyun ayında AR Milli Məclisi tərəfindən Vergi Məcəlləsində müvafiq dəyişikliklər təsdiqlənərək ölkədə “Tax Free” sistemi tətbiq edilib. Başqa sözlə desək, turistlər ölkədə aldıqları mallara görə ödədikləri ƏDV məbləğini ölkəni tərk edən zaman hava limanında geri ala biləcəklər. Bu da parakəndə ticarətin və ticarət festivallarının keçirilməsi üçün əlverişli şərait yaradır.

DAİR Otellər və Restoranlar Assosasiyasının sədri Samir Dübəndi hesab edir ki, Turizm Şurasının yaradılması, əlverişli yeni beynəlxalq uçuşların təşkili, peşə-ixtisas təhsili müəsissələrinin yaradılması, vergi və gömrük güzəştlərinin tətbiqi, sahibkarlar tərəfindən təqdim edilən investisiya layihələrinin güzəştli kreditləşdirilməsi, ixtisaslaşmış turizm növləri və əyləncəli turizm sektorunun inkişafına böyük təkan verəcək.

Vaxtını nazirlik təsdiq edəcək

Bakı şəhərində ilk ticarət festivalı 2017-ci ildə keçiriləcək. Yalnız bunun dəqiq vaxtı və müddəti AR Mədəniyyət və Turizm Nazirliyinin qərarına əsasən həll ediləcək. Samir Dübəndi festivalın keçirilməsinin daha da səmərəliyini təmin etmək üçün məntiqi şəkildə onun turizm  mövsümünün zəiflədiyi zaman keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Alış-veriş turistlərin xərcləri sırasında 4-cüdür

Ümümdünya Turizm Təşkilatının (ÜTT) rəyinə əsasən ticarət turizmi son 10 ildə sürətli inkişaf mərhələsini yaşayır. Bu da daha çox alış-veriş məqsədilə səyahət edən beynəlxalq turistlərin sayının artmasına gətirib çıxarır. Turizmin bu istiqamətinin inkişafından bacarıqla istifadə edərək bir sıra ölkələr özlərini ticarət turizmi kimi təbliğ edirlər. Həmçinin ildən-ilə sayı artan turistlərin istəklərini təmin etmək məqsədilə müxtəlif üsullardan və iqtisadi alətlərdən istifadə edirlər. Pərakəndə satışda isə davamlı artımı nəzərə alsaq, bu sektorun 2018-ci il üçün 5.5% artımı və 28.3 trl ABŞ dolları həcmində dövriyyəsi proqnozlaşdırılır. Əminliklə demək olar ki, alış-veriş beynəlxalq turizmin mühüm və daha vacib komponentinə çevrilir. Ticarət turistlərin xərcləri sırasında əsas kateqoriyaya çevrilir, nəticə etibarilə isə birbaşa və iqtisadiyyatın digər sektorları ilə əlaqədə olaraq milli iqtisadiyatın vacib gəlir mənbəyinə çevrilir. Aparılan təhlillərə görə alış-veriş bu gün dünyada turistlərin üstünlük verdikləri xərclər sırasında 4-cü pillədədir və ümumi turizm fəaliyyətinin 35%-ni təşkil edir. 

Şopping festivallardan milyonlarla dollar gəlir götürə bilərik

Ticarət festivallarının xarici ölkələrdəki təcrübəsinə istinad etsək məlum olur ki, onlar ölkə iqtisadiyyatına və onun müxtəlif sektorlarına xeyli miqdarda mənfəət gətirirlər. Birləşmiş Ərəb Əmirliyinin Turizm Nazirliyinin ticarət festivalları keçirən Agentliyinin və Honq Konq ticarət festivalının təşkilatçılarının bəyanatlarında göstərilir ki, onlar ildə 2.5-4.5 mlrd ABŞ dolları həçmində gəlir əldə edirlər. Yalnız biz hələ ki, Bakı şəhərini bu şəhərlərin imkanları və infrastrukturu ilə müqayisə edə bilmərik. Burda festivala qatılan otellərin ümumi nömrə fondu, şəhərin nəqliyyat infrastrukturu, ticarət mərkəzlərinin sayı, hava nəqliyyatı və hava limanının sərnişin dövriyyəsi imkanları və sair amillər nəzərə alınmalıdır. Təbii ki, bir sualda ortaya çıxır.

Ticarət Festivalları zamanı hansı mallar satılır?

Həmçinin hansı mallara üstünlük verildiyi və parakəndə ticarət sektorunda istifadə edilən üsullar da maraqlıdır. Adətən ticarət festivallarının keçirildiyi ərazidə fəaliyyət göstərən bütün pərakəndə ticarət obyektləri, eləcə də  digər ticarət müəsissələri də kütləvi şəkildə endirimlər tətbiq edir. Satılan mallardan və əşyalardan asılı olaraq endirimlər 20-95%  arası dəyişir. Şopinq festivallarda brend qeyim, ayaqqabı, aksesuar dükanları, avtomobil, məişət avadanlığı, mebel, qab-qacaq, suvenir, saat, zinnət əşyaları  daha populyar olur. S.Dübəndi hər bir dövlətin yerli məhsullarını tanıtmaq üçün festivallarda satışını təşkil etməyə üstünlük verdiyini bildirdi: “Azərbaycanın timsalında bu mallara kəlağayı, yerli dizaynerlərin qeyimləri, müxtəlif əl işləri, milli musiqi alətləri, xalçalar, balıq kürüsü, şərablar və sair bu kimi nadir məhsullarımız ola bilər. Bir məsələni də unutmamalıyıq ki, festivalın keçirilməsi yalnız ticarətin intensiv işləməsi deyil, eyni zamanda şəhərdə bayram əhval ruhiyyəsi hökm sürməlidir. Bu məqsədlə müxtəlif konsertlərin, əyləncə proqramlarının, defile- moda nümayişinin, idmançıların, folklor ansambların çıxışlarının keçirilməsi yüxşı olardı”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır