Macarıstana necə viza almaq olar? – ŞƏRTLƏR,VARİANTLAR
25 OKTYABR

Macarıstana necə viza almaq olar? – ŞƏRTLƏR,VARİANTLAR

Bakıdan Budapeştə birbaşa uçuşların başlaması onunla nəticələnib ki, Avropaya ucuz qiymətə uçan azərbaycanlılar səyahəti Macarıstandan başlamalı olurlar. Amma digər ölkələrə olduğu kimi Macarıstana getmək üçün də viza almaq lazımdır. Fins.az Macarıstana viza almaq imkanlarını təqdim edir. 

İlk növbədə qeyd edək ki, 2007-ci ildən etibarən Macarıstan Şengen ölkələri qrupuna daxildir. Yəni qrupun digər ölkələri kimi, Macarıstana getmək üçün də Şengen vizası tələb olunur. Bu viza bütün Şengen ölkələrində (26 ölkə) işləyir. 

Macarıs tan səfirliyi harada yerləşir?

Macarıstanın Azərbaycandakı səfirliyi Bakıda, İçərişəhərdə yerləşir.

Rəsmi ünvan: Səbail rayonu, Mirzə Mənsur küçəsi, 72-dir.

Səfirliyin telefonları (+994 12) 497 47-50, 497-45-81/81

Macarıstana viza almaq üçün lazım olan sənədlər:

- Ən azı növbəti 3 ay ərzində qüvvədə olan pasport və… (DİQQƏT!) pasportda iki boş səhifə

- Şəxsiyyət vəsiqəsi

- Tam doldurulmuş və imzalanmış anket

- Pasport ölçüsündə — 3,3x4,5 formatında 2 (iki) ədəd fotoşəkil (ağ fonda)

- Ödənilmiş viza haqqı (rüsum) - 35 avro

- Təyyarə biletlərinin (gediş- dönüş) surəti

- Mehmanxanada haqqı tam (yəni bütün səfər müddəti üçün) ödənilmiş rezervasiya təsdiqinin surəti və ya dəvət məktubu (dəvət edənin şəxsiyyət vəsiqəsinin surəti)

- Tibbi sığorta şəhadətnaməsi (Şengen ölkələri zonası üçün vacibdir). Tibbi sığortanın məbləği 30 min avrodan az olmamalıdır.

- İş yerindən, rəsmi blankda, tutduğu vəzifə, aylıq əmək haqqı (gəlir) və məzuniyyətin müddəti göstərilən arayış

- Maddi gəliri təsdiq edən bank sənədləri — bankda hesab olması haqqında arayış və hesabdan çıxarış. Hesabda Şengen ərazisində qalacağınız hər günə görə 100 avro pul olmalıdır. Məsələn, əgər Budapeştdə 7 gün qalacaqsızsa onda hesabınızda 700 avro olmalıdır və s.

Qeyd: Ehtiyac olarsa, səfirlik bu siyahıda göstərilməyən digər əlavə sənədlər də tələb edə bilər.

Müraciət edənlər bilməlidir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsində viza sənədlərinin təqdim edilməsi üçün "IFR System" - ərizənin bron vaxtının onlayn verilməsi sitemi tətbiq olunur. IFR System-in saytında ərizəçilərə viza "C" üçün (Şengen vizasının 90 gündən çox olmayaraq etibarlılıq müddəti) və ya viza "D" üçün (yaşayış icazəsi almağa imkan verən viza) müraciət edərək vaxt sifarişi etmək imkanı var. Qeyd edək ki, “D” vizası tələbələr üçün nəzərdə tutulub və uzun müddətli verilir. “D” vizası üçün rüsum 60 avrodur.

IFR System-i mobil telefonda istifadə etmək üçün onu pulsuz olaraq AppStore-dan (iOS) və yaxud Google Play-dan (Android) yükləmək olar. 

IFR System-in tətbiqi ilə, eyni zamanda Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsinin qəbul saatları : Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 09:30-13:00, cümə: 09:30-12:00; hazır vizaların verilməsi - bazar ertəsi, çərşənbə axşamı, çərşənbə: 16:00, cümə: 15:00

Vizanın verilməsi 7 və ya 15 iş günü müddətində verilir.

Hansı hallarda viza verilməsindən imtina olunur?

Macarıstana viza alarkən azərbaycanlıların üzləşdikləri əsas çətinliklər bankdan və iş yerindən arayışın alınmasıdır. Bəzi vətəndaşlar rəsmi işləmədiklərinə görə, onlar üçün iş yerindən arayış almaq çətinlik yaradır. Eləcə də bank hesabına lazım olan məbləği yatırmaq da bəzi vətəndaşlar üçün çətinlik yaradır. 

Viza alınanda əsas problemlərdən biri otelin bron edilməsidir

Qeyd etdiyimiz kimi, viza alınması üçün tələb olunan sənədlərdən biri ölkədə qalma müddəti üçün oteldə yerin bronlanması barədə arayışdır. Bu arayışı vətəndaşa otel verir, vətəndaş isə onu səfirliyə təqdim edir. Əsas problemlərdən biri neçə ulduzlu otelin bron edilməsi və sonradan o bronun ləğvi ilə bağlı olur. Əvvəla, səfirlik üçün ən yaxşı variant 3 və daha çox ulduzlu otelin bron edilməsidir. Çünki belə otellərin qiyməti də nisbətən yuxarı olur və bu məbləği ödəyən vətəndaşın iqtisadi imkanlarının normal olduğunu təsdiqləyir. Viza müraciəti üçün 1-2 ulduzlu otellər və ya hostellər də bron edə bilərsiniz. Amma bu halda viza almaq şansı azalır. Səfirlikdə hesab edirlər ki, bu qiymətə otel bron edənlər ona görə az pul xərcləyirlər ki, ölkəyə miqrant kimi gəlib, sonra qayıtmasınlar.

Bəzi vətəndaşlar viza üçün müraciət edəndə Macarıstanda otel bron edir, amma viza aldıqdan sonra bronu ləğv edirlər. Amma bu bir çox hallarda vizanın ləğv edilməsinə və ya ən azından xəbərdarlığa səbəb olur. 

Macarıstanda qalmaq müddətinin də təsiri var

İkinci məsələ isə turist vizası alarkən Macarıstanda neçə gün qalmağınızada diqqət yetirilir. Əgər 30 günlük viza alırsızsa və bu 30 günün hamısını Macarıstanda keçirəcəksizsə bu da viza almağınıza çətinlik yarada bilər. Yaxşı olar ki, səfəriniz uzun müddətə olduğu halda fərqli ölkələr və ya ən azından fərqli şəhərlər seçəsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır