Azərbaycanın ən gözəl 10 gölü – FOTO
27 OKTYABR

Azərbaycanın ən gözəl 10 gölü – FOTO

Bir müddət öncə Azərbaycanın ən gözəl kəndləri və şəlalərini təqdim etmişdik. Növbəti araşdırmamız isə göllərlə bağlıdır. Azərbaycan ərazisində ümumi sahəsi 395 km² olan 450 göl var. Sarısu gölü Azərbaycanın ən böyük gölüdür və Kür-Araz ovalığında yerləşir.

Azərbaycanın ən gözəl 10 gölünü təqdim edirik:

- Göygöl, Göygöl rayonu

Göygöl Gəncə şəhərindən 25 km məsafədə, dağların və yaşıl meşələrin qoynunda yerləşir. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib və nəticədə şəffaf suyu olan Göygöl yaranıb.

Dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir. Uzunluğu 2800 metr, dərinliyi isə 96 metrdir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Göygöl Azərbaycanın ən dərin gölüdür.

- Sarısu gölü, İmişli-Sabirabad

Azərbaycanın ən böyük gölü, İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var.

Azərbaycanda göllərin sahəsinə görə sıralamasında Xəzər dənizindən sonra ikincidir. Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Gölün maksimal dərinliyi 6 m-dir. Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.

- Maralgöl, Göygöl rayonu

 

 

Dəniz səviyyəsindən 1902 metr hündürlükdə yerləşən Maralgöl Göygöldən bir az aralıda yerləşir. Bu gölün sahəsi 23 hektar, ən dərin yeri 60 metrdir. Göygöllə Ağsu çayı vasitəsilə birləşir.

- Batabat gölü, Naxçıvan

Batabat gölünün uçqun və sürüşmə nəticəsində yarandığı ehtimal olunur. Bu göl Naxçıvan şəhərindən 62 kilometr şimal-şərqdə, dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşir. Suyu şirin olan Batabat gölü təbiətdə nadir rast gəlinən üzən adaya sahibdir. Sfaqnum mamırlarından və onun üzərində bitən ot örtüyündən formalaşan bu ada küləyin istiqamətindən asılı olaraq vaxtaşırı öz yerini dəyişir.

- Ağ göl, Ağcabədi

Ağ göl Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var.

Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır. Ağ göl Kür və Araz çaylarının mütəmadi daşqınları nəticəsində yaranıb.

- Əmbil gölü, Şabran

Şabran çayının yuxarı axını hövzəsində yerləşən gölün adı ərəb dilindəki  “əm” (camaat, icma), tat dilindəki “bil” (bataqlıq) sözlərindən ibarət olub icma, camaat gölü mənasını verir. Əmbil gölünə hansı mənbədən suyun gəlməsi məlum deyil. Ehtimallara görə, gölün dərinliklərində bulaq qaynayır. Gölün suyunun duru olması da bununla bağlıdır.

- Nohur gölü, Qəbələ

Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. 1949-cu ildə bu gölün cənub hissəsində – Güllüburun dağı ilə Yumuru dağ arasında uzunluğu 850 m, hündürlüyü 8-10 m, eni 4-6 m olan torpaq bənd çəkilərək su anbarı yaradılıb.

Maksimum dərinliyi 24 m-dir. Qəbələ-İsmayıllı-Bakı avtomabil yolunun kənarında yerləşən göl yerli əhalinin, turist və qonaqların ən çox maraq göstərdikləri istirahət zonalarından biridir. Bəzən sərt keçən qış aylarında Nohur gölün səthi tamamilə buz bağlayır.

- Xanbulan, Lənkəran

Göl Lənkəranın eyni adlı kəndində yerləşir. Ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Gölün ərazisində 1976-cı ildə su anbarı istismara verilib.

- Candargöl, Ağstafa

 

Ağstafa rayonunda yerləşir. Azərbaycanın qərbdəki iki ucqar nöqtəsindən biridir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasındakı sərhəd gölün tam ortasından keçir.

- Çənlibel gölü, Quba

Quba rayonunun İkinci Nügədi kəndi ətrafında, rayon mərkəzindən təxminən 14 km. məsafədə yerləşir. Sıx Qəçrəş meşəlikləri ilə əhatə olunub.

Mənbə: Sey-yah.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır