Yeni İli xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR
02 NOYABR

Yeni İli xaricdə qarşılamaq neçəyədir? – QİYMƏTLƏR

İlin  sonuna 2 ay qalıb. Yeni ili qarşalamaq üçün hazırlığa başlamaq vaxtıdır. Bunu xarici ölkələrdə qeyd etmək istəyənlər isə hətta bir az gecikirlər. Azərbaycanın turizm şirkətləri 2017-ci ili xaricdə qarşılamaq üçün tur paketlərini təqdim edirlər.  Əgər planınız da 2017-ci ili xaricdə qarşılamaq varsa onda bayram turpaketlərini təxirə salmayın. Çünki bayram yaxınlaşdıqca qiymətlər də artacaq.

Qeyd edək ki, aşağıda sadalanan yeni il turlarına dekabrın 31-dəki Qala gecəsi şam yeməyi daxil deyil. Travel şirkətlərindən verilən məlumata görə bəzi şəhərlərdə hələ yeni il konsertləri dəqiq müəyyənləşmədiyindən qala gecəsinin də qiymətləri bəlli deyil. Bundan əlavə yeni il şənlikləri keçirilən şəhərlərdə bayramla bağlı müxtəlif tədbirlər olur ki, bu tədbirlərin  seçimi də “cibinizdən asılıdır”. Yeni il tədbirlərinin qiyməti isə 50 – 2000 dollar arasında dəyişir.

İtaliya – Avstriya – Almaniya

“Bir daşla iki quş vurmaq”əgər bu sizin devizinizdirsə onda “Atlas”travelin 3 ölkəyə təşkil etdiyi yeni il turundan yararlana bilərsiz. Bu tur çərçivəsində  Verona-Venesiya -Vyana- Salzburg-Münxen-İnnsbruk-Verona-Mantuya kimi Avropa şəhərlərini gəzmək şansı qazanacaqsız. Yanvar ayının 1 dən başlayaraq 8 gün 7 gecə davam edəcək turun qiyməti 380 avrodur. Bu məbləğ  iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. 

Amma turun ucuzluğu sizi çaşdırmasın: bura aviabilet daxil deyil. Qiymətə daxildir:  4 ulduzlu otel, səhər yəməyi, şəhərlərarası nəqliyyat,  hava limanı –otel –hava limanı transfer,  rus dilli bələdçi xidməti, butun tur zamanı şəhərlərdə (Munxen,Vyana,Salzburg ve İnnsbruk Venesiya, Verona ) ekskursiyalar. Eləcə də bu qiymətə viza rüsumu (35 avro 1 nəfər üçün ) və avtobuslarda qulaqcıqlar üçün ödənilən 15 avro da daxil deyil.

Bolqarıstan

Yeni ili hər kəs bir yerdə qarşılamaq istəyir, amma bu yerlərin arasında nə Bolqarıstan, nə də onun Pomporovo şəhəri var. Yerli turizm şirkətlərindən biri məhz bu şəhərə Yeni il turu təşkil edir. Bu şəhərə tur təşkil olunmasına təəccüblənməyin – Poporovo Bolqarıstanın ən məşhur qış kurortlarından biridir. Ölkənin ən yaxşı otellərindən bir hissəsi də məhz bu kurortdadır.

Azərbaycan vətəndaşları Yeni ili Pomporovo şəhərində qarşılamaq istəsələr, Bakıdan İstanbula təyyarə ilə uçub, İstanbuldan bura avtobusla gedə biləcəklər. Dekabrın 27-dən yanvarın 3-dək davam edən turun qiyməti 490 avrodur. Göstərilən qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. Qiymətə daxildir: Aviabilet( Bakı-İstanbul-Bakı), transfer(İstanbul-Plovdiv-Pamporovo-Plovdiv-Istanbul) 5 gecə 6 gün oteldə gecələmə, səhər yeməyi, sığorta. Əlavə olaraq ödəniş: Viza rüsumu (1 nəfər üçün 35 avro)

Aralıq Dənizində kruiz  səyahəti

Digər bir qeyri adi yeni il səyahətini Turizm.az şirkəti təşkil edir. Şirkətin dənizi sevənlər üçün təqdim etdiyi kruiz səfəri dekabrın 27- dən yanvarın 3-nə kimi davam edir. Tur İtaliyanın Genuya şəhər limanından başlayır və Genuya – Roma – Palermo – Malta – Barselona – Marsel – Qenuya şəhərlərini əhatə edir.  Səfər zamanı şəhərlərin hər birində bir gün gəzmək şansınız olacaq. Limana çatdıqdan sonra, şəhəri gəzir, axşam isə yenidən gəmiyə qayıtmalısız.  Turun qiyməti 479 avrodur. Qeyd edək ki, bu qiymətə avibilet, viza, transfer daxil deyil.

Qiymətə daxildir: Kruiz, kayutada qalma, səyahət sığortası, laynerdə 3 dəfə qidalanma, əyləncəli  və idman proqramları, hovuzdan, idman zalından, kitabxanadan, kinoteatrdan, diskotekadan  istifadə. Bu tura qatılmaq üçün aviabilet alıb turun başlanğıc yeri olan Genuya şəhərinə getməlisiz. Genuyaya ölkəmizdən birbaşa aviareys olmadığından 384 manat ( gediş –gəliş) ödəməklə “Azal”la Milan şəhərinə gedib oradan da Genuya şəhərinə gedə bilərsiz. 

İstanbulda Yeni il 

Artıq İstanbulda yeni il turları ilə heç kimi təəccübləndirmək mümkün deyil. Hərçənd İstanbul variantı Azərbaycan turistləri üçün ən populyar istiqamətlərdən biridir. “Yes travel” yeni ili İstanbulda keçirmək istəyənlər üçün 27- dekabrdan 2 -yanvar tarixinə kimi 6 gecə 7 günlük İstanbul turu təşkil edir. Turun qiyməti 630 dollardır. Bu qiymətə daxildir  bir nəfərin  3 ulduzlu oteldə gecələməsi, aviabilet (gediş-gəliş), sığorta, səhər yeməyi, hava limanından transfer.

Dubay istisində Yeni İl

Qışdan heyif çıxmaq istəyənlər isə, soyuq qarlı qışı Dubayda keçirə bilərlər. Dubayın Sarjah ərazisində istirəhət,  Dubayın digər yerləri ilə müqayisədə bir qədər ucuz başa gəlir. İki nəfərin 6 gün 7 gecə 3 ulduzlu “Samerland” oteldə gecələməsi  2 nəfər üçün 910 dollardır. Qeyd edək ki, bir nəfər üçün adı çəkilən yerə səyahət etmək istəsəz 455 dollar ödəməli olacaqsız. Göstərilən qiymətə aviabilet(gediş – gəliş) hava limanından transfer, sığorta və səhər yeməyi  daxildir.  

Kiyev

“Sindibad” travel yeni ili Ukraynada qarşılamaq istəyənlər üçün Kiyevə 6 gecə 7 günlük yeni il turu təşkil edir. Turun qiyməti 1 nəfər üçün 1200 manatdır. Qiymətə daxildir 3 ulduzlu “Krişeyatik” oteldə gecələmə, sığorta, aviabilet (gediş - gəliş) hava limanından transfer, sığorta və səhər yeməyi . 

Praqa

“Sky travel” yeni ili Praqada keçirmək istəyənlər üçün 6 gecə 7 günlük tur təşkil edir. Turun müddəti dekabrın 30-dan yanvarın 5-nə kimidir. Turun qiyməti 759 avrodur. Tur iki nəfərlik bir nəfər üçün nəzərdə tutulub. Göstərilən məbləğə daxildir: aviabilet (gediş – gəliş), otelə transfer, səhər yeməyi, sığorta . Viza rüsumu qiymətə daxil deyil.

Qarlı Moskva

“Mac travel” turizm şirkəti tur sifariş edən müştərilərinə 10 faizlik güzəşt təklif edir.  Yeni ili Moskvada keçirmək istəyənlər üçün isə əlavə olaraq tur paketin qiymətində 25 dollar güzəşt edilir. Moskvada 25 dekabrdan etibarən  5 gecə 6 gün keçirmək istəsəz iki nəfər üçün 910 dollar ödəməli olacaqsız. Göstərilən məbləğ 10 faiz güzəştdən sonra olan məbləğdir. Bu məbləğdən 25 dollar çıxdıqdan sonra isə 885 dollar ödəyəcəksiz . Qiymətə daxildir aviabilet (gediş – gəliş), sığorta, otelə transfer, səhər yeməyi . Qonaqlar Kreml yaxınlığındakı 3 ulduzlu “Butik” oteldə yerləşəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır