Gürcüstan azərbaycanlı turistlərdən nə qədər qazanır?
03 NOYABR

Gürcüstan azərbaycanlı turistlərdən nə qədər qazanır?

Bu ilin 10 ayı ərzində Gürcüstana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 5 milyon 406 min 188 nəfər təşkil edib.  Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası açıqlama verib.

Oktyabr ayında ölkəni  527 min 157 nəfər xarici vətəndaş ziyarət edib ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 4,5% çoxdur. Bunlardan 215 min 630 nəfəri turistdir. Beləliklə, ötən ilin oktyabr ayı ilə müqayisədə ötən ay turist qismində Gürcüstana səfər edənlərin sayı 20,9% artıb.

Azərbaycan Gürcüstana səfər edən turistlərin sayı baxımından liderdir. Oktyabrda qonşu ölkəyə ən çox Ermənistan vətəndaşları (-2,1%) səfər edib. Azərbaycan ikinci yerdə qərarlaşsa da, ölkəmizdən Gürcüstana səfər edənlərin sayında 10,1%-lik artım qeydə alınıb. Üçüncü yerdə Türkiyə (-16,6%), dördüncü yerdə Rusiya (+13%), beşinci yerdə isə Ukrayna (+15,8%) qərarlaşıb.

Yanvar-oktyabr ayları ərzində Gürcüstana səfər edənlərin sayı baxımından isə Azərbaycan (+11%) liderdir. İkinci və üçüncü yerləri müvafiq olaraq Ermənistan (+0,03%) və Türkiyə (- 9,1%) bölüşürlər.

Ekspert Valeh Cəfərov  Azərbaycanlı turistlərin Gürcüstana səfəri zamanı  günə ən azı 40-50 dollar xərclədiklərini bildirdi. Qeyd edək ki, bura bütün xərclər daxildir. Nəzərə alsaq ki, Gürcüstana səfər edən turistlərin bu ölkədə orta hesabla 3-4 gün vaxt keçirirlər. Onda Azərbaycanlı turistlərin orta hesabla bu ölkədə ən azı 150- 200 dollar xərclədiklərini demək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır