“Turizm haqqında” yeni qanunun müzakirəsi baslayıb
04 NOYABR

“Turizm haqqında” yeni qanunun müzakirəsi baslayıb

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Komitə sədri Hadı Rəcəbli deyib ki, qanun layihəsi yenidən hazırlanıb: “Azərbaycanın “Turizm haqqında” qanunu var idi, indi isə yenidən hazırlanıb. 2012-ci ildən bu qanun layihəsinin üzərində iş gedir, yeni qanun layihəsi müasir tələblərə cavab verir”.

H.Rəcəbli qeyd edib ki, son illər Azərbaycana turist axını olur: “Əvvəllər turistlər daha çox Gürcüstana gedirdilər. Prezident İlham Əliyevin turizmlə bağlı addımları bu sahənin dirçəlməsinə səbəb oldu. Bu il hotellərdə yer tapmaq mümkün deyildi. Təbii ki, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də buna təsir etdi. Azərbaycan turizm sahəsi üzrə 141 ölkə arasında 36-cı yeri tutur. Azərbaycana gələn turistlər daha çox beşulduzlu hotellərə üz tuturlar. Hesab edirəm ki, üçulduzlu hotelərin də sayı artırılmalıdır, bu, ölkə vətəndaşlarına uyğunlaşdırılmalıdır”.

Milli Məclis Aparatının şöbə müdiri Adil Vəliyev isə çıxışında deyib ki, turizm sahəsində bələdiyyələrin də rolu artırılmalıdır, bunun üçün də dövlət dəstək verməlidir.

Qanun layihəsi 8 fəsil və 93 maddədən ibarətdir. Qanun qəbul olunacağı təqdirdə turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idaraetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, turizm sahəsində maliyyə mənbələrinin təsnifatı, maliyyələşdirmə üsul və vasitələri, maliyyələşdirmədə məhdudiyyətlə, sığorta, elm, və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyəcək.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır