"Turizm haqqında" yeni qanun hazırlanır-AÇIQLAMA
16 NOYABR

"Turizm haqqında" yeni qanun hazırlanır-AÇIQLAMA

Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsi hazırlanır. Fins.az xəbər verir ki, bu barədə bu gün noyabrın 16-da parlamentin əmək və sosial siyasət komitəsinin növbəti iclasında deputat Hadi Rəcəbli məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olan sənəddə əsas məqsəd “Turizm haqqında” Qanunun Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmasıdır.

H.Rəcəbli hazırda komitədə Azərbaycanda turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idarəetməsi və nəzarəti, bu sahədə təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, turizm fəaliyyətinin təşkili, sığorta və məlumatlandırma məsələləri üzrə münasibətlərini özündə ətraflı əks etdirən “Turizm haqqında” yeni sənədin hazırlandığını da vurğulayıb.

Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev təklif olunan dəyişiklikləri ətraflı şərh edib. O vurğulayıb ki, elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN viza” sistemində yerləşdirilmiş elektron müraciət formasında nəzərdə tutulan məlumatları sistemə daxil etməli, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq müəyyən edilmiş məbləğdə dövlət rüsumunu elektron qaydada ödəməlidirlər. Elektron vizanın verilməsinə üç gün müddətində baxılır. İmtina üçün əsas olduqda imtina məktubu, olmadıqda isə elektron viza məktubu müraciət edən şəxsin elektron poçtuna göndərilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır