Turizm şirkətlərini iflasa sürükləyən dollar bəlası
25 NOYABR

Turizm şirkətlərini iflasa sürükləyən dollar bəlası

"Dolların hər gün bahalaşması turizm şirkətlərini çətinlik yaradır. Belə ki, müştəri bizdən bir ay öncə xarici ölkəyə səfər üçün ödəniş edir. Ödənişi manatla alırıq, ancaq ödəniş edərkən dollarla edirik". 
Bunu açıqlamasında turizm sahəsində çalışan Hikmət Məmmədov deyib. Onun sözlərinə görə, şirkətin müştəridən aldığı manat dolların bahalaşması ilə turizm şirkətlərinə maddi zərər vurur: 
"Həm manatın konvertasiya fərqi, həm də gündəlik bahalaşma bizi çıxılmaz vəziyyətə salır. Bununla yanaşı, banklardan dollar almaq da müşkül hala çevrilib. Cəmi 5-10 bank dollar satır. Bu banklarda isə dolları limitlə satırlar. Lazımı qədər dolları tapa bilmədiyimiz üçün əlimizdə qalan manat hər gün ucuzlaşır, bu isə sonda bizə maddi zərər olaraq qayıdır". 
Sözsüz ki, dolların bahalaşması xarici ölkələrə yollanmaq istəyən vətəndaşlara sərf etmir. Belə ki, manatın dəyərdən düşməsi turistin xarici ölkədəki xərcini artırır. Turizm sahəsi üzrə ekspert, iqtisadçı alim Elxan Vəliyev isə hesab edir ki, dolların günü-gündən bahalaşması xarici ölkələrə səfərlərin qiymətinin artmasına səbəb olur:

Dolların bahalaşması Yeni il ərəfəsi xarici ölkələrə satışları azaldıb

"Turizm şirkətləri otel bron edərkən və ya bilet alarkən dollarla ödəniş edir. Bu halda ziyana getmək istəməyən şirkət müştəriyə həmin məbləği də elə dollarla təklif edir. Müştəri günün məzənnəsinə uyğun olaraq manatla ödəniş edir. Bu cuzi məbləğ olduğu üçün şirkətlər üçün elə də problem yaratmır. Turizm şirkətləri ölkəmizə xaricdən artan tələbat hesabına bu ziyanı kompensasiya edir. Xarici ölkələrə səfər edənlərin sayı azalsa da satışlar davam edir. İşi ilə bağlı xaricə gedənlər üçün qiymət elə də maraqlı deyil. Ancaq istirahət üçün xarici ölkəyə yollanan insanların sayı günü-gündən azalır. Bu vəziyyət isə yerli turizmin imkanlarını artırır", - deyə ekspert bildirir. 

Turizm şirkətləri bu vəziyyəti fürsətə çevirə bilə

Mütəxəssisin fikrincə, turizm şirkətləri manatın ucuzlaşmasından əksinə qazanc əldə edir. Çünki dolların manat qarşısında bahalaşaması ölkəmizə turist axınını artırıb: "Hazırki iqtisadi vəziyyətdə turizm şirkətlərinin sayı azalmaqdadır. Yalnız rəqabətə davamlı böyük şirkətlər bazarda qala bilir. Vasitəçi və xırda turizm şirkətlərinin sıradan çıxacağı qaçılmazdır. Ölkəmizə gələn turistlərin sayı durmadan artır. Dolların bahalaşması ölkəmizə valyuta axınını artırır. Bu çox yaxşı haldır. İndiyə kimi biz bunun əksini müşahidə edirdik. Dollar ucuz olduğu üçün Azərbaycana gələn turist çox pul xərcləməyə məcbur idi. Ona görə də il ərzində çox az sayda turisti ölkəmizə təşrif buyururdu. Ancaq indi vəziyyət təmamilə dəyişib. Əlində dollarla gələn əcnəbi üçün Azərbaycan çox sərfəli görünür. Turist digər ölkələrə nisbətdə Azərbaycanda daha az pul xərcləyərək daha çox xidmətdən yararlana bilir. Turizm şirkətləri bu vəziyyəti fürsətə çevirə bilər".   

Azərbaycanda yerli turizm niyə bahadır? 

Elxan Vəliyevin sözlərinə görə, turizm şirkətləri ilə otellər arasında sıx əlaqələrin olmaması əsas problemlərdən biridir: "Qiymət strategiyası arzuolunan səviyyədə deyil. Bununla yanaşı xidmət sektoru da inkişaf etmədiyi üçün ədalətli rəqabət mühiti yoxdur. Turizm sektoru bir növ barrometr rolunu oynayır. Bu sahənin inkişafı otellərin, restoranların və kafelərin inkişafına, ümumilikdə iqtisadiyyatın bütün sahələrinin inkişafına müsbət təsir edəcək. İşini düzgün quran şirkətlər daha münasib qiymətə xidmətlər təklif edərək bazarda qala bilər. Əks halda turizm şirkətləri müflisləşəcək". 
Mənbə:BAKU.WS
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır