AZAL da qiymətləri qaldıracaq – EKSPERT
29 NOYABR

AZAL da qiymətləri qaldıracaq – EKSPERT

"Tarif Şurasının reaktiv mühərrik yanacağının qiymətində dəyişiklik etməsindən sonra AZAL-ın qiymətləri qaldırması gözləniləndi”.

Bu barədə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, biletlərin qiyməti təxminən 10-15 faiz artacaq: "AZAL-da qiymətlər onsuz da kifayət qədər yüksək səviyyədədir. Qonşu ölkələrlə rəqabət apar bilmirik. Turizmin inkişafına ən böyük əngəllərdən biri də AZAL-ın iş rejimi və qiymət siyasətidir. Məsələn, Bakı-İstanbul reysinin qiyməti təxminən 300-320 manat civarındadır. Tiflisdən İstanbula isə ən bahalı qiymətlərlə 60-70 dollara uçmaq mümkündür”.

İqtisadçının sözlərinə görə, Gürcüstan üzərindən xarici ölkələrə uçan azərbaycanlıların sayı rəsmi rəqəmlərə görə 35 faiz artıb:"Qiymətlər artsa bundan sonra azərbaycanlıların böyük əksəriyyəti Azərbaycandan deyil Gürcüstan üzərindən uçmağa daha çox üstünlük verəcəklər. Bu da AZAL-a gəlir gətirməkdənsə, onların ciddi gəlir itkisinə səbəb olacaq”.

Qeyd edək ki, dünən Tarif Şurasının iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin soba mazutu və reaktiv mühərrik yanacağının qiymətinə yenidən baxılması barədə müraciəti, ölkə daxilində istehsal olunan reaktiv mühərrik yanacağının əsas hissəsinin "Azərbaycan Hava Yolları” QSC tərəfindən istifadə olunduğu və beynəlxalq uçuşlarda xarici aviaşirkətlərin tariflərinə uyğun daşıma tariflərinin tətbiq edildiyi nəzərə alınaraq, reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti təbii qazın yeni qiymətinə ekvivalent olaraq 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.

Mənbə:  BakiPost.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır