Otellər və restoranlar da bahalaşır
01 DEKABR

Otellər və restoranlar da bahalaşır

Məlum olduğu kimi, Tarif Şurası enerji tariflərinin qiymətlərini qaldırdıqdan sonra müxtəlif sahələrdə bahalaşma müşahidə olundu. Bəzi xidmət sahələrində qiymət artımı artıq baş verib, bəzilərində isə bahalaşmanın olacağı istisna deyil. Qazın və işığın tariflərinin bahalaşması  otel və restoranlarda da qiymətlərin artacağından xəbər verir. Fins.az-ın suallarını cavablandıran AzTA nümayəndəsi Müzəffər Ağakərimov  bahalaşmanın olacağını bildirdi.

Otellər qiymətə yeni ildən baxacaqlar

M. Ağakərimov xüsusəndə restoran xidmətlərində bahalaşma olacağını qeyd etdi. Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur. Həmçinin  sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq. Otellərin qiymət artırmasına gəlincə isə, AzTA nümayəndəsi artıq otellərin Yeni İl bayramı ilə əlaqədər olaraq nömrələri satdığını və bu səbəbdən də artıq qiymətlərdə dəyişiklik edə bilməyəcəklərini bildirdi. O, otellərin, qiymət siyasətinə Yeni İldən sonrakı aylarda baxacaqlarını bildirdi. Lakin ekspert bəzi otellərin qiymət siyasətinə indidən dəyişiklik etməsini də istisna etmir.

Bahalaşma qaçılmaz olacaq

Otel rəsmilərinə gəlincə, onlar da enerji tariflərinin bahalaşmasından sonra xidmətlərin bahalaşmasının qaçılmaz olduğunu bildirdilər.

Lənkəranda yerləşən “Palmalife otel”inin direktoru Rəşad Əzizov hazırda oteldə heç bir xidmətin qiymətində dəyişiklik olmadığını, amma 2017-ci ildən sonra çox gümanki qiymətlərin arta biləcəyini bildirdi. R.Əzizov hazırda bazarın analiz edildiyini və yeni ildə uyğun qiymətlərin təklif ediləcəyini bildirdi.

Tələsmirik...

“Baku Palace otel”in meneceri Ceyhun Şahbazov qiymətləri artırmağa tələsmədiklərini bildirdi. Buna səbəb kimi otel bazarında rəqabətin böyük olmasını göstərdi. Amma otel rəsmisi pulsuz xidmətlərin ləğv olunacağını və işçi heyətində də ixtisarların ola biləcəyini qeyd etdi.

Hər ay ən azı 1500 manat ödəyirdik

Qubada yerləşən otelin administratoru Kamil Vəliəhmədovun sözlərinə görə, enerji tariflərinin bahalaşması onların işlərinə mənfi təsir edir: “Hər ay ən azı 1500 manat qaza və işığa pul ödəyirik, bahalaşmadan sonra daha çox ödəməli olacağıq. V.Kamil  xərcləri azalmat üçün işçiləri ixtisar edəcəklərini, həmçinin otelin təklif etdiyi qiymətlərə yenidən baxılacağını bildirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır