“Rixos Quba” yay mövsümünə start verdi – QİYMƏTLƏR+FOTOLAR
19 İYUN
4890

“Rixos Quba” yay mövsümünə start verdi – QİYMƏTLƏR+FOTOLAR

Azərbaycanın ən dəbdəbəli və elit mehmanxanası sayılan, son dövrlərin ən müasir tələblərini özündə cəmləşdirən və nəhayət, yeni sahiblərini tapandan sonra “Rixos Quba Azərbaycan” təzədən və bu dəfə tam başqa formatda fəaliyyətini qurmağa başlayıb. Fins.az otelə olan press-turun nəticəsi olaraq gördüklərini və eşitdiklərini Sizə təqdim edir.

Qubanın ən hündür nöqtələrinin birində

Açığı, mən Qubanı bu qədər sevmirdim. Quba Rixos bu rayonun tam fərqli bir mənzərəsini mənə açdı və hiss etdim ki, yer üzərindəki cənnətdən biri də məhz bu ərazi imiş, orda da otel tikiblər. Otelə getmək üçün yolllar dağların əhatəsindən keçir. Sıx meşəliklərdən sonra dağın ən hündür zirvəsində otel görünür. Mənzərəsi çox gözəldir, yəni sözlə ifadə etmək çətindir, görsəniz yaxşıdır.  100 hektardan çox  ərazidə, sıx meşəliklərin arasında yerləşən otel “5ULDUZ”a sahibdir. Azərbaycanda fəaliyyət göstərən otellər arasında qolf sahəsində malik olan yeganə oteldir. Otelin ərazisində dağ, meşə və göl mənzərəli 212 otaq, suit və villalar var. 18 dəlikli peşəkar qolf meydançası, SPA mərkəzi, boulinq klub, kinoteatr, restoran, gecə klubu, əyləncə parkı mövcuddur. 

Hər şey dəyişib

Yəqin bilirsiniz ki, Quba Rixos 2013-cü ildə rəsmən açılmışdı və “Garant Holdinq”in bir parçası hesab olunurdu. Elə ilk günlərdə yəni, rəsmi açılışdan sonra bu otelə yatırılan sərmayə, böyük dəbdəbə və gözəlliyi dillər əzbərinə çevrilmişdi. Lakin mehmanxanaya gedənlər servisdən razı deyildilər. İndi isə mənzərə tamam dəyişib. Quba Rixos-a gedəndə Azərbaycanın ən yüksək xidmət göstərən otelinə düşdüyünün şahidi olursan. Düzdür, burada çalışanların əksəriyyətini yerli əhali təşkil edir və otel biznesi onlar üçün yeni sahədir, buna baxmayaraq, hiss edirsən ki, işçilər müştəriləri düzgün şəkildə qarşılamaq və onları məmnun etmək üçün səy göstərirlər. Otel təzədi və bütün texniki avadanlıqları, idarəetmə sistemi elektronlaşdırılıb. Amma kadr faktoru bütün fəaliyyət sferalarında həmişə birinci olub, yenə də elədir. Otelin sahibləri dəyişib və buradakı idarəetmə tam şəkildə yerli kadrlara həvalə olunub. Etiraf edək ki, otel biznesində türk menecerlərdən öyrəndiklərimiz çoxdur və yerli kadrların yetişməsində onların rolunu danmaq olmaz. Beləliklə, öz işini bilənlər iş başına keçib və bunu hər addımda hiss edirsən.

Süni göllər arasında qolf meydançaları  

Otelin ərazisində yaradılan süni göllər xüsusi gözəlliyə malikdir. Menecer Nigar Süleymanovanın sözlərinə görə,   ərazinin relyefi ümumilikdə qazılaraq yenidən döşənib. Bütün sahələr irriqasiya, drenaj sistemi ilə qurulub və onların idarəedilməsi tam elektron şəkildədir, necə deyərlər, ağıllı qurğular öz işlərini özləri görür. Burada olan 18 dəlikli peşəkar qolf meydançasının sahəsi 70 hektardan çoxdur. Deyilənə görə, dünyada olan ən unikal qolf meydançalarından biridir, məsələn, ingilislər bura sevə-sevə gəlirlər. Bəs perspektivi necə, varmı? Otel biznesinin mütəxəssisləri hazırki vəziyyəti belə qiymətləndirirlər ki, adətən Türkiyənin “Bələk” bölgəsinə toplaşan avropa qolfsevərləri son hadisələrlə əlaqədar neytral və daha güvənli zona olaraq Azərbaycanı seçə bilərlərvə buna ümidlər çoxdur. Bundan başqa, Rusiya və Ukrayna arasındakı münaqişədən sonra bu ölkələrin qolf peşəkarları artıq Krımda yox, alternativ zona kimi Qubada toplaşa bilərlər. Ümumilikdə isə son 1 ildə Azərbaycanda otel biznesi gəlirli sahəyə çevrilib. Xüsusən də ərəblərin Azərbaycana axını bütün otellərin dolmasına səbəb olub.   

Əyləncə axtarsanız...

Quba Rixos yaşıllıqlar qoynunda həm də unikal istirahət məkanıdır. Burada istirahət edənlər üçün kanat, bollinq, uşaqlar və böyüklər üçün əyləncə proqramları, spa prosedurlar, hovuz, konsert zalları, kinoteatr xidmət edir. Dağın zirvəsinə doğru kanatla gəzinti isə xüsusi zövqvericidir. İyunun 17-də otel elə yay mövsümünü də gözəl bir konsert proqramı ilə açdı. Rusiyanın məşhur “Serebro” qrupunun konsertini təşkil edən Rixos Quba həmin gün dolu idi, bütün biletlər satılmışdı.

Quş iliyi, can dərmanı

Oteldə bir neçə restoran fəaliyyət göstərir. Yemək çeşidləri isə boldur: Avropa, Asiya mətbəxi, milli yeməklər və müxtəlif cür şirniyyatlar.  Xüsusən yayda təbiət qoynunda əyləşmək üçün nəzərdə tutulan restoranlar təmiz taxtadan tikilib. Burada hazırda Azərbaycanın ən yaxşı mətbəx ustalarının toplandığını deyən otel rəhbərliyi onların təqdimat zövqündən də razılıq etdi. Press-turun iştirakçıları kimi müxtəlif mətbəxlərə müraciət etdik. Dəniz mıhsulları, pizza, quzu bükməsi, toyuq qovurması...Hamımız yeməklərdən çox razı qaldıq.
Qiyməti
Və ən nəhayət bütün bunları canlı-canlı görmək üçün qiymətlərə keçək. Öyrəndik ki, hazırda oteldə bir gecəlik istirahət + səhər yeməyi= 170 AZN təşkil edir. Daşıdığı brendə, xidmət çeşidinin bolluğunu görə hesab edirlər ki, qiymət elə də baha deyil. Ancaq təbii ki, korporativ və fərdi müraciətlərin tarifləri eyni deyil və xüsusən də 1-5-ci günlərdə otel ilə daha əlverişli şərtlərlə razılaşmaq olar.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır