AZAL yeni "boeing"lər almaq istəyir
20 İYUN
472

AZAL yeni "boeing"lər almaq istəyir

 Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən dörd Boeing 787-8 Dreamliner təyyarəsi almaq niyyətini elan etmişdir.

Təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" Korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

"Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar "Azərbaycan Hava Yolları"na gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik", - AZAL-ın Prezidenti Cahangir Əsgərov bildirmişdir.

"Bugünkü saziş Azərbaycan Hava Yolları ilə tərəfdaşlığımızda yeni səhifə açır", - "Boeing" Korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott bildirmişdir. "Biz əminik ki, bazarda lider olan "B787-Dreamliner" sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək".

"Azərbaycan Hava Yolları" böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 milyondan çox sərnişin daşımışdır.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır