Niyə Azərbaycanda All inclusive təklif edilmir? – SƏBƏBLƏR
11 İYUL
1559

Niyə Azərbaycanda All inclusive təklif edilmir? – SƏBƏBLƏR

Dünyada turizmin inkişafı və yeni marşrutların tapılması hələ də aktualdır. Artıq ölkələr bu sektorda rəqabətli xidmətlər təklif edirlər. Bunun üçün hər bir ölkə və turizm obyektləri turistlər üçün maksimum sərfəli şərtlər yaradırlar. Məsələn, Türkiyədə yerləşən mehmanxanaların üstün cəhətlərindən biri müştərilərə all inclusive xidməti təqdim etməsidir. Bu xidmət turistə imkan verir ki, hoteldə qaldığı müddətdə həm içkilərdən, həm də yeməklərdən istədiyi vaxt pulsuz istifadə edə bilsin.

Lakin hələki bu xidmət Azərbaycanda yerləşən mehmanxanalarda yoxdur. Baxmayaraq ki, ölkə hotellərimiz kifayət qədər turist qəbul edir. Turizm.fins.az məsələ ilə bağlı Otellər və Restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndinin fikirlərini öyrənib. Ekspert Azərbaycanda bu xidmətin olmamasının bir neçə səbəbini göstərib.

Onun sözlərinə görə, bu cür xidmətin daha çox resort tipli məkanlarda mövcuddur.

Azərbaycanda bu cür yerlərin “barmaq sayı” qədər olduğunu deyən S.Dübəndi  all inclusive xidmətinin yerli hotellərimizə xeyir vermədiyini bildirdi.

Ekspertin sözlərinə görə, Türkiyədə çimərlik mövsümü mart ayından başlayıb oktyabra yaxın bitdiyi halda, bizdə mövsüm elə də uzun olmur. Elə bu səbəbdən də bu cür xidmətlərin mehmanxanalara daha çox ziyan verə biləcəyi bildirilir.

S.Dübəndinin fikrincə,  çimərlikləri  yetərincə inkişaf etdirmək lazımdır: “Bunu üçün dəniz sahili və dəniz dibi də işlənməlidir ki, burada yetərincə istirahət mərkəzləri salınsın. Türkiyə bu yolu artıq 15-20 il bundan qabaq başlayıb  və çoxdan bu cür çətinlikləri geridə qoyub”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır