“Buta Airways”in biletləri satışa çıxarıldı – QİYMƏT 29 AVRODAN BAŞLAYIR
11 İYUL
1542

“Buta Airways”in biletləri satışa çıxarıldı – QİYMƏT 29 AVRODAN BAŞLAYIR

Bu gündən -iyulun 11-dən etibarən “Buta Airways” aşağı büdcəli aviaşirkətinin biletlərini satışa buraxıldığı rəsmi saytı işə başlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, www.butaairways.az saytı üç dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Aviaşirkətin ilk reysi sentyabrın 1-də Tiflisə planlaşdırılıb.

İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Kiyev (“Julyanı” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul (“Sabiha Gökçen” Hava Limanı) və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.

Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir. Lou-kost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək. Tariflər barədə ümumi məlumat "Tariflər və xidmətlər" səhifəsində təqdim olunub.

Minimal tarif ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. Aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri ilə daha ətraflı “Biletlərinin qaytarılması və dəyişdirilməsi” səhifəsində tanış ola bilərsiniz.

Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz veriləcək. İsti yeməyi aviabiletin alınması prosesi zamanı öncədən sifariş etmək mümkün olacaq. Menyu ilə “Təyyarədə qidalanma” səhifəsində tanış ola bilərsiniz. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkün olacaq.

Qeyd edək ki, aviabiletləri həmçinin kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkündür . Bütün ödənişlər uçuşun başladığı  ölkənin yerli valyutasında mərkəzi bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçirilir.

Xatırladaq ki, “Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır