Naxçıvandan rekord gostərici – STATİSTİKA
18 AVQUST
936

Naxçıvandan rekord gostərici – STATİSTİKA

Ölkəmizdə turizm infrastrukturunun inkişafı yerli turistlərin ölkədaxili bölgələrdə istirahətə üstünlük verməsi ilə yanaşı xaricdən gələn turistlərində sayına da müsbət təsir edib. Bunu rəqəmlər də sübut edir. Belə ki, Turizm.fins.az Bölgələrin Turizm İnformasiya Mərkəzlərindən son 6 – ayda rayonlara gələn turistlərin sayını öyrənib. Toplanan məlumatlardan bəlli olub ki, Naxçıvan Muxtar Respublikası maksimum göstəriciyə malik olub. Məlumata görə bu ilin yanvar ayından iyul ayına kimi bu bölgəyə 224 min 936 nəfər turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4% və ya 8656 nəfər çoxdur. Qeyd edək ki, bu göstərici ölkənin digər bölgələri ilə müqayisədə dəfələrlə çoxdur. Naxçıvan Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə gələn turistlərin 50% əcnəbi turistlərdi . Naxçıvana gələnlər isə əsasən bu yerlərin şəfalı müalicə mərkəzlərinə müraciət edirlər.

Turistlərin gəlmə sayına görə ikinci pillədə Quba qərarlaşıb. Quba Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə bu bölgəyə yanvar-iyul aylarında 65 min turist gəlib. Gələn turistlərin əksəriyyətini yerli turistlər təşkil edib. Həmçinin Quba Turizm İnformasiya mərkəzinə 3362 nəfər turistin müraciət etdiyi bildirilib.

Üçlüyü isə Qəbələ tamamlayıb. Belə ki, Qəbələ Turizm İnformasiya Mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə yanvar -iyul aylarında bu bölgəyə 48554 turist gəlib. Gələn turistlərin 2711 nəfəri müalicə üçün, 456 nəfəri işgüzar səfərlər üçün, 43531 nəfər istirahət və əyləncə üçün , 1836 nəfər isə digər məqsədlər üçün müraciət edib.

Lənkarana yanvardan iyul ayına kimi 13800 turist, Zaqatalaya isə yay mövsümü başlayandan 1891 turist gəlib. Qeyd edək ki, digər Şəki, Xaçmaz, Şamaxı və İsmayıllı Turizm İnformasiya Mərkəzlərindən məlumat ala bilmədiyimizdən adları çəkilən bölgələrə gələn turist sayı haqqında məlumat təqdim edə bilmədik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır