Dünya Turizm Təşkilatında yaradılan Xüsusi Komitəyə Azərbaycan sədrlik edəcək
14 SENTYABR
147

Dünya Turizm Təşkilatında yaradılan Xüsusi Komitəyə Azərbaycan sədrlik edəcək

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Çenqdu şəhərində Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Baş Assambleyasının 22-ci sessiyası davam edir.

Tədbir çərçivəsində DTT–nin Turizm Etikası üzrə Konvensiyanın hazırlanması üzrə prosedurların yekunlaşdırılması məqsədilə sözügedən təşkilatın katibliyi tərəfindən Xüsusi Komitə (Ad Hoc) yaradılıb.

DTT-nin baş katibi Taleb Rifai qeyd edib ki, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Turizm Etikası üzrə Konvensiyanın hazırlanması məqsədilə yaradılmış İşçi qrupuna sədrliyi zamanı göstərdiyi peşəkarlıq və səriştə, yeni yaradılmış Xüsusi Komitəyə (Ad Hoc) onu sədr olaraq ən uyğun namizədə çevirmişdir.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, bununla da, DTT katibliyinin təklifi və üzv ölkələrin yekdil razılığı ilə N.Səmədov sözügedən Komitəyə sədr seçilib.

Qeyd edək ki, Azərbaycanın sədrliyi ilə Komitənin ilk iclası öz işinə başlayıb. İclasda Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də DTT-ə üzv olan 40-a yaxın ölkənin nümayəndəsi iştirak edib. İclas öz işini iki gün də davam etdirəcək.

Məlumat üçün bildiririk ki, yeni yaradılmış Xüsusi Komitənin (Ad Hoc) əsas məqsədi “Turizmin qlobal etik kodeksi”nə əsaslanaraq hazırlanmış “Turizm Etikası üzrə Konvensiya”nın razılaşdırılması və sənədin yekun variantının BMDTT-nin Baş Assambleyasının 22-ci sessiyasına təsdiq üçün təqdim edilməsindən ibarətdir.

Sözügedən Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcək. Qeyd olunan sənəd BMDTT-nin ilk Konvensiya sənədi olacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır