Buta Airways Avropaya uçur
13 OKTYABR
623

Buta Airways Avropaya uçur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında aparılan danışıqlar çərçivəsində Bakı ilə Sofiya arasında hava əlaqəsinin açılması barədə razılıq əldə edilmişdir.

Uçuşlar 16 yanvar 2018-ci ildən etibarən “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçiriləcəkdirBolqarıstanın paytaxtı Azərbaycanın aşağıbüdcəli aviaşirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər olacaqdır.

Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviaşirkətin digər istiqamətlərində olduğu kimi, 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar həftədə bir dəfə olmaqla, həftənin ikinci günləri həyata keçiriləcəkdir.

Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov dedi: “Sofiya şəhərinə yeni müntəzəm reysin açılması Azərbaycanın mülki aviasiya sahəsində əhəmiyyətli hadisədir. Bakı-Sofiya istiqaməti üzrə aviareys ölkəmizin vətəndaşları üçün yeni məşhur istirahət istiqamətləri açacaqdır. “Buta Airways” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslər Avropa və Bakını turistlər üçün daha açıq məkana çevirəcəkdir. Aşağıbüdcəli milli aviaşirkət marşrut şəbəkəsinin genişləndirilməsi və optimallaşdırılması üzrə işləri davam etdirəcəkdir”.

Yaxın zamanlarda yeni reyslərin təxsisetmə sisteminə daxil edilməsi üzrə texniki işlər başa çatdırıldıqdan sonra aviaşirkətin rəsmi saytında aviabiletlərin satışı həyata keçiriləcəkdir.

Aşağıbüdcəli aviaşirkət olaraq, baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcəkdir.

Qeyd edək ki, oktyabrın 29-dan etibarən Buta Airways Bakı-İstanbul və Bakı-Sankt-Peterburq marşrutları üzrə uçuşlar həyata keçirəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır