Bu şəhərdə otellərdə boş yer qalmayıb - AZƏRBAYCANDA
12 DEKABR 2017
2492

Bu şəhərdə otellərdə boş yer qalmayıb - AZƏRBAYCANDA

Yeni il bayramına  bir neçə gün qalsa da, Naftalanın turizm obyektlərində bütün yerlər yerli və xarici turistlər tərəfindən öncədən sifariş edilib.  Turizm obyektlərində yer bron edənlərin çoxu elə ölkə vətəndaşlarıdır. Turizm.fins.az-a verilən məlumata görə, şəhərdəki “Çinar” otelində 353, “Qarabağ” otelində 265, “Qaşaltı” otelində 342  yerin hamısı qabaqcadan sifariş verilib.  Yeni ili Naftalanda qarşılamaq istəyənlərin 35 faizi xarici ölkə vətəndaşlarıdır ki, onların da  arasında Rusiya vətəndaşları üstünlük təşkil edirlər. Həmçinin Səudiyyə Ərəbistanından, Latviyadan və digər müxtəlif Avropa ölkələrindən olan xarici qonaqlar da Yeni il axşamını buradakı turizm mərkəzlərində qarşılamağa üstünlük verərək nömrə alıblar.

Statistikaya nəzərən  son beş ildə şəhərə gələn turistlərin sayı 3,5 dəfə artıb. 2017-ci ilin 10  ayında Naftalanın turizm obyektlərində 33 min 811 turist qeydə alınmışdır ki, bunun da  7 min 309 nəfəri dünyanın 62-dək ölkəsindən gələnlər olub.  Xarici ölkələrdən gələnlərin sayı da   2016-cı ilin müvafiq dövrünə nisbətdə 79 faiz artıb. 2017-ci ilin ötən dövründə əcnəbi ölkələr arasında Naftalanın turizm məkanları rusların sevimli istirahət və müalicə yerinə çevrilib.

Məlumat üçün bildiririk ki, hazırda şəhərdə fəaliyyət göstərən 3 və 5 ulduzlu 10 sanatoriya, istirahət və müalicə mərkəzində gün ərzində 2200 qonağı qarşılamaq, onlara yüksək səviyyədə xidmət göstərmək mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır