Bolqarıstanda turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub
20 FEVRAL
338

Bolqarıstanda turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunub

Azərbaycanın turizm potensialının Bolqarıstanda təbliğinin davamı olaraq Sofiyanın İnter Expo Mərkəzində baş tutmuş “Holiday&SPA EXPO” 35-ci Beynəlxalq Turizm Sərgisində ölkəmiz milli stendlə təmsil olunub. Sərgidə iştirakımız bu ölkədəki səfirliyimiz, Azərbaycan Turizm Assosiasiyası və “Buta Airways” şirkətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Turizm.fins.az Aərtac -a istinadən xəbər verir ki, Azərbaycan xalçaları ilə bəzədilmiş milli stenddə tədbir iştirakçıları və ziyarətçilərə ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, turizm potensialı, rekreasiya və turizm mərkəzləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, “Breeze Travel” şirkəti tərəfindən hazırlanmış müxtəlif növ 7 günlük hazır tur paketlər təqdim edilib, ölkəmizin turizm imkanlarını, mətbəxi və mədəniyyətini əks etdirən broşür və suvenirlər tədbir iştirakçılarına paylanılıb.

Ölkə stendində, həmçinin Azərbaycanın istehsalı olan şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilib. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib.

Azərbaycan ilə Bolqarıstan arasında cari ilin yanvar ayından etibarən “Buta Airways” şirkəti tərəfindən birbaşa hava əlaqəsinin yaradılması və 2017-ci il ərzində ölkəmizin turizm potensialının Bolqarıstanda intensiv təbliğinin nəticəsi olaraq sərgi zamanı Azərbaycan stendi xüsusi maraqla qarşılanıb. Bolqarıstanın bir sıra turizm şirkətlərinin nümayəndələri əməkdaşlıq təklifləri ilə müraciət ediblər.

Qeyd edək ki, Bolqarıstanın Avropa İttifaqına sədrliyi proqramının bir hissəsi olan builki sərgiyə Bolqarıstan da daxil olmaqla 22 xarici ölkədən 350 çox sərgi iştirakçısı və 20 mindən çox ziyarətçi qatılıb. Bolqarıstanın Turizm Nazirliyinin himayəsi altında və Sofiya şəhər bələdiyyəsinin tərəfdaşlığı ilə keçirilən “Holiday&SPA EXPO” bu ölkədə hər il keçirilən ən böyük turizm sərgisidir və turizm sahəsində ixtisaslaşan mütəxəssisləri, biznes dairələri, eləcə də potensial turistləri bir arada cəmləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır