Azərbaycana yeni “Boeing” təyyarələrinin gətirilməsinə başlanılır
23 FEVRAL
418

Azərbaycana yeni “Boeing” təyyarələrinin gətirilməsinə başlanılır

AZAL aviaşirkətinin dəvəti ilə “Boeing Commerical Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Makalister fevralın 22-də Bakıya işgüzar səfərə gəlib.

AZAL-dan verilən xəbərə görə, danışıqlar zamanı tərəflər “Azərbaycan Hava Yolları” QSC və “Boeing” Korporasiyası arasında çoxillik əməkdaşlıq çərçivəsində yaranan möhkəm tərəfdaşlıq münasibətlərindən razılığını bildirib.

AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, yaxın vaxtlarda “Azərbaycan Hava Yolları”nın sərnişinləri daha bir yeni nəsil avialaynerdə səyahət edə biləcəklər. AZAL və “Boeing” arasında imzalanmış sazişə əsasən, 2018-ci ildən etibarən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq. 2022-ci ilin sonunadək ölkəyə daha 4 ədəd “Boeing 787-8” tipli təyyarənin gətirilməsi gözlənilir.

Öz növbəsində, K. Makalister “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndirib və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Danışıqlar zamanı, həmçinin Azərbaycan mülki aviasiyasının istismarında olan bütün növ “Boeing” təyyarələrinin bizim texniki mərkəzin iştirakı ilə gələcək istismarı və texniki xidməti məsələlərinə də toxunulub.

Səfər çərçivəsində qonaqlar son illərdə tikilmiş və yenidən qurulmuş Azərbaycanın mülki aviasiya obyektləri ilə – Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1), “Baku Cargo Terminal” yük terminalı, “Silk Way Business Aviation” biznes aviasiya terminalı, bütün növ hava gəmiləri təmiri və xidməti kompleksi “Silk Way Technics” və digərləri ilə tanış olublar.

 

©Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır