Bölgələrimizdə keçirilən festivallar
23 FEVRAL
408

Bölgələrimizdə keçirilən festivallar

Regionlarda keçirilən festivallar bölgələrimizin mədəni zənginliyini nümayiş etdirir . Turizm.fins.az xəbər verir ki, hər il Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə regionların turizm potensialının və milli adət-ənənələrin təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişafı ilə əlaqədar yerlərdə müxtəlif festivallar keçirilir. Bu festivallar yerli və xarici turistlərin böyük marağına səbəb olmaqla yanaşı, ölkəmizin milli adət-ənənələrinin və milli kulinariya nümunələrinin təbliği baxımından yeni imkanlar açır.

Ötən il bölgələrimizdə keçirilən çeşidli festivallar yerli sakinlərlə yanaşı xarici ölkələrdən gəlmiş turistlərin də marağına səbəb olub. Bu tədbirlər Azərbaycan xalqının əsrlərdən bəri qoruyub gələcəyə daşıdığı zəngin dəyərlərin yaşadılmasıdır.

Göyçayın narı dillərdədir

3-4 noyabr tarixində Göyçay rayonunda Mədəniyyət və Turizm Nazirliyi və Göyçay rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə XII Nar festivalı keçirilib. 2005-ci ildən keçirilən festivalda ölkəmizdə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri, yerli və xarici turistlər və media işçiləri iştirak edir. Festivalda nardan hazırlanan maraqlı əl işləri, milli musiqi, muğam və folklor nümunələri nümayiş olunur.

Nar bayramında rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin mallarından ibarət yarmarka, yerli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil edilir.

Xurma festivalı

Noyabrın 4-5-də Balakən rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə ilk dəfə Xurma festivalı təşkil olunub. Festival çərçivəsində ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların folklor kollektivlərinin çıxışları, rayonun adət-ənənələrini özündə əks etdirən mədəniyyət nümunələrinin geniş sərgilərinin təşkili və maraqlı konsert proqramı təqdim edilib.

Festivalda yerli və xarici qonaqlar üçün xurmadan hazırlanmış kulinariya məhsulları və kompozisiyaları, kənd təsərrüfatı məhsullarının sərgiləri təşkil olunub. Tədbirin gedişində yun darayan, xalça toxuyan xanımların əl işləri, folklor kollektivlərinin çıxışı, pəhləvanların məharəti, əyləncəli yarışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Şəkidə “şirin” festival

Azərbaycanın əsas turizm mərkəzlərindən sayılan Qəbələ rayonu bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməklə bölgənin turizm imkanlarını geniş şəkildə nümayiş etdirir. Ötən il avqustun 26-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə V Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Festivala 25 ölkədən komandalar, eləcə də ölkəmizdən 35-ə yaxın mürəbbə istehsal edən müəssisə qatılıb.

Respublikamızın mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş etdirilib.

 Şərab festivalı

Dekabrın 19-da Gəncə şəhərində IV Beynəlxalq Şərab Festivalı keçirilib. Festivalda Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeron rayonlarında yerləşən şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan kimi ölkələrdən qonaqlar da iştirak ediblər.

Festival Azərbaycanda şərab istehsalı ilə məşğul olan bir sıra istehsal müəssisələri də öz məhsullarını nümayiş etdirmək üçün geniş imkanlar yaradıb. Tədbirdə dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələrindən olan nümayəndələrinin iştirakı festivala olan marağın göstəricisidir.

Qubada Alma bayramı  və Xalça festivalı

Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında V Alma bayramı və I Xalça festivalı keçirilib. Oktyabrın 7-də təşkil olunan Alma festivalında 30-dan çox xarici ölkədən 80 nümayəndə iştirak edib. Quba meydanında milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar, müxtəlif viktorinalar və yarışlar maraqla qarşılanıb.

Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdirilib. Qonaqlara ölkəmizin şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunub.

Festival iştirakçılarına Azərbaycan xalçaları və onların toxunma prosesi nümayiş etdirilib. Azərbaycan xalçalarının zənginliyi qonaqların marağına səbəb olub. Tədbirin gedişində xalçaların satışı da həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır